Paşinyanın “taktiki qələbəsi” və yaxud erməni cəmiyyətindəki “strateji məğlubiyyət” travması – Səxavət Məmməd yazır
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasına erməni siyasətçilərinin, jurnalistlərinin sərt reaksiyası azərbaycanlıların təəccübü ilə qarşılanır. Azərbaycanda məlum paraflanmaya sərt reaksiya verənləri “revanşist”, “Ermənistandakı Rusiyanın “beşinci kolun”u” deməkdən başqa fikir səsləndirən yoxdur. Ümumiyyətlə, bizim cəmiyyətin ən böyük problemlərindən biri ixtisaslaşmanın olmamasıdır. Hər mövzuya türkiyəlilər demiş “maydanoz olmaq” ən sevdiyimiz işlərdəndir.
O vaxt antiterror əməliyyatından əvvəl yazırdım ki, Rusiyanın Azərbaycana baxışı ilə Qarabağa baxışı fərqlidir. Ozamankı Rusiyanın Qarabağa baxışı ilə Azərbaycana baxışını eyniləşdirsək, Qarabağ problemi kökündən həll olacaq. Misal üçün 44 günlük müharibədən sonra Ermənistan elə bir siyasət yürütmüşdü ki, Qarabağda sahədə Rusiya ilə Azərbaycan üz-üzə qalmışdı. Azərbaycan siyasi baxımdan bunu dəyişəndən sonra bir tək şey qalırdı – antiterror əməliyyatını həyata keçirmək və problemi öz xeyrinə həll etmək. Prosesi diqqətlə izləyənlər bilir ki, məsələ bu formada da həllini tapdı.
İndi sülh müqaviləsinin paraflanmasına baxış eynən bu cürdür. Ermənistan dövləti ilə ermənilərin Azərbaycana baxışını ayırmaq lazımdır. Ermənistan dövləti faktiki olaraq müqavilə bağlamaq istəyir. Paşinyan dəfələrlə bəyan edir ki, bu, Ermənistan dövlətinin gələcəyini sığortalamaq deməkdir. Ancaq ermənilərin böyük hissəsi belə düşünmür. Hətta Levon Ter-Petrosyan Rusiyanı köməyə çağırır.
Bunun səbəblərindən biri “Böyük Ermənistan” ideologiyasıdır. Erməni cəmiyyətinin strateji düşünənləri Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını qəbul etmir. Çünki strateji baxımdan ermənilərin “dənizdən-dənizə” dövlət qurmaq düşüncələri, ideologiyaları vardı. Qarabağı itirməklə onlar müəyyən mənada qınlarına çəkilmiş oldular. Hazırkı Ermənistan hakimiyyəti isə taktiki qələbə əldə etdiklərini düşünürlər və var olan dövlətlərinin gələcəyini təmin etmək istəyirlər. Sual yarana bilər ki, nəyə görə taktiki qələbə əldə etdiklərini düşünürlər? Çünki Ermənistan dövlət kimi yarananda ərazisi 9 min km2 idi. İndi isə Ermənistanın ərazisi 29 min km2-dir. Onsuzda Ermənistan Azərbaycan torpaqları sayəsində ərazisini 20 min km2 artırıb. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıması ilə bu rəsmiləşmiş olacaq. Hazırda Ermənistanda ikitirəlik mövcuddur. Əldə olanları qoruyub saxlamaqla, strateji məğlubiyyəti həzm etməyənlər arasında toqquşma gedir. Burada hansı tərəf qalib gələcək – onu indidən təxmin etmək o qədər də asan deyil. Burada hər şey Ermənistanın hazırkı hakimiyyətinin yaranmış vəziyyəti cəmiyyətinə izah etməsi və beyinləri yumasından asılı olacaq.
Azərbaycan cəmiyyətində isə bu məsələ, ümumiyyətlə, müzakirə edilmir. Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət olmadığı üçün bu məsələ barədə düşünmür. Azərbaycanda paraflanmaya mənfi reaksiya verəcək qurumlardan biri Qərbi Azərbaycan icması və qərbi azərbaycanlılar olmalı idi. Niyə? Çünki sözügedən sülh müqaviləsində onların öz dədə-baba torpaqlarına köçü məsələsi öz əksini tapmayıb. Bundan əlavə, əgər müqavilə hazırkı razılaşma ilə bağlansa, tərəflərin bir-birinə qarşı ərazi iddiası da gündəmdən çıxmış olur. Beləliklə, müqavilə hazırkı paraflanmaya uyğun aparılarsa, ondan sonra ermənilərin Qarabağa, azərbaycanlıların da Qərbi Azərbaycana iddiası separatizm sayılacaq. Məsələyə bu yöndən baxanda, Azərbaycan da taktiki qələbə qazanmış olur.
Hazırkı mərhələdə müqavilənin bağlanma ehtimalı yüksək görünsə də, dünyada baş verən münaqişələr fonunda iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında şübhələr var. Ümumiyyətlə, dünyada konfliktlərin davam edəcəyi, hətta dərinləşəcəyi daha realdır.