Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada təşkil olunan paneldə Suriyada baş verən son hadisələri şərh edərkən, ABŞ-a xəbərdarlıq edərək, odla oynamamağı məsləhət görüb. Nazir ABŞ-ın Türkiyə və İraq sərhədindən Suriyanı bölməyə çalışdığını söyləyib:
“ABŞ PKK\PYD-dən istifadə edərək, Suriyanı bölməyə çalışır. Onların bu addımı Türkiyə ilə münasibətləri də kəskinləşdirib. ABŞ-ı odla oynamamağa çağırırıq”.
Məsələni Yenicag.az-a şərh edən politoloq Elşən Manafov qeyd etdi ki, bu prosesdə Moskva Tehran, xüsusən də Ankara ilə birgə hərəkət edərsə, Lavrovun ABŞ-a ünvanlanan həmin xəbərdarlığını ciddi hesab etmək olar:
“Suriya ətrafında 2015-ci ildən bəri cərəyan edən proseslər göstərdi ki, Rusiya nəinki bu ölkədə, gerçəkdən ərəb dünyasında getdikcə sarsılmaqda olan nüfuzunu yenidən bərpa edə bilib. Zamanında Münhendə olan beynəlxalq təhlükəsizlik konfransında Putin Rusiyanın beynəlxalq münasibətlər sisteminə qayıtdığını bəyan etmişdi. Bu mənada Lavrovun ABŞ-a yönəlik həmin xəbərdarlığı da Putinin sözügedən açıqlaması ilə üst-üstə düşən bir məqamdır. Rusiya Suriya məsələsinə baş vurmaqla ABŞ-ın beynəlxalq miqyasdakı nüfuzuna yetərincə ciddi təsir göstərə bilib. Bu ilin aprelində Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə növbəti toplantı olacaq.
Artıq Türkiyə xarici işlər nazirinin müavini və Rusiya prezidentinin mətbuat xidməti rəhbəri bununla bağlı açıqlama verərək, həmin görüşün baş tutacağına işarə vurublar. Təbii ki, həmin görüşdə də tərəflər regional təhlükəsizlik məsələlərini, Suriyadan ABŞ və onun dəstəklədiyi PKK qanadlarının sıxışdırılıb, çıxarılmasını müzakirə edəcəklər. Bu mənada düşünürəm ki, Lavrovun ABŞ-a yönəlik həmin xəbərdarlığı da region dövlətləri arasında Suriya ilə bağlı əldə edilən razılığa Ankara, Moskva və Tehranın sadiq qalacağını özündə ehtiva edir. Rusiya ABŞ-ın Suriyanı parçalamaqla bağlı geosiyasi layihəsinin qarşısını alıb. Türkiyə də anlayır ki, Suriyanın şimalında Kürdüstan dövlətinin yaradılması ilə bağlı layihənin arxasında da Vaşinqton durur. Bu isə Türkiyənin marağına cavab vermədiyi kimi, region dövlətləri və İranın da marağına cavab vermir. Belədə, Türkiyə, Rusiya və İranın mövqeləri üst-üstə düşdüyündən adıçəkilən dövlətlər birgə hərəkət edəcəkləri halda təbii ki, ABŞ-ın Suriya və ümumiyyətlə, Yaxın Orta Şərqlə bağlı məlum geosiyasi layihələrinin qarşısını almaq mümkündür.
Unutmayaq ki, Suriya məsələsində həmin 3 ölkəyə dəstək olan digər masştablı dövlət Çindir. Bölgə ilə bağlı Moskva, Ankara və Tehranın maraqları üst-üstə düşdüyündən birgə mövqe nümayiş etdirməklə, onlar burada ABŞ-ın marağına cavab verəcək mənzərənin yaranmasının qarşısını almaq gücündədirlər. Ona görə güman edirəm ki, adıçəkilən 3 dövlət rəhbəri arasında apreldə olacaq görüş əslində, ABŞ-ın ümumiyyətlə bölgədən sıxışdırılıb çıxarılmasını özündə ehtiva edəcək”.
ELÇİN
www.yenicag.az