“ABŞ Cənubi Qafqazda maraqlarını qoruyub saxlayacaq” – Neil Uotson

“Tramp və Harris arasında keçirilən səsvermədə fərqin az olmasına baxmayaraq, Trampın qələbəsi məni təəccübləndirmədi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

O, noyabrın 5-də ABŞ-də keçirilən seçkilərdən sonra qələbəsini rəsmiləşdirəm Donald Trampın qlobal siyasətini analiz edib.

Analitikin sözlərinə görə, Trampın düşərgəsi çox vaxt nifrət nitqi ilə həmsərhəd olan güclü ritorikadan istifadə edərək çox mürəkkəb, heç bir maneəsiz, sıfır oyun kampaniyası aparmışdı:

“Lakin Tramp əhalinin geniş kütləsi üçün inandırıcı olmuşdu və seçki qutusuna gələn də həmin kəsim idi. Doğrudur, Kamala Harris də çox şey etdi və o, çox populyar olmayan hazırkı prezident Cozef Baydenin əvəzedici namizədi kimi arxadan gəldi ki, Tramp ilə bərabər mübarizə aparsın. Lakin onun tərəfdarları daha az qərarlı idilər. Onlar, sadəcə, Trampa qarşı reaksiya olaraq onun kampaniyasına qoşulublar. Bir çoxlarını isə müxtəlif səbəblərə görə seçki qutusuna gəlməyə inandırmaq çətin məsələ olmuşdu. Onların əksəriyyəti isə etnik azlıqlar idi”.

N. Uotsonun fikrincə, Trampist siyasət çox mühafizəkar və proteksionistdir:

“Çox güman ki, biz vergilərin aşağı düşəcəyini, amerikalı yoxsulların daha da yoxsullaşacağını, Amerikanın orta və yuxarı təbəqələrinin zənginləşəcəyini və ölkənin iki səviyyəli cəmiyyətlə nəticələnəcəyini görəcəyik. Trampın alovlu ifadələrlə müdafiə etdiyi repatriasiya siyasətlərinin reallaşa bilməyəcəyi ehtimalı azdır, lakin əhalinin qocaldığı və doğum nisbətinin azaldığı bir ölkədə gələcək immiqrasiya ilə bağlı daha sərt mövqe, çox güman ki, ola bilər. Dünya nizamı üçün daha çox narahat edən amil odur ki, Trampın siyasəti xaricdəki münaqişələrə qarışmağın əleyhinədir, ona görə də, çox güman ki, Ukraynaya bundan sonra dəstək olmayacaq.

Həmçinin ABŞ İsrailə böyük dəstək verəcək və bu münaqişəyə öz şərtləri ilə son qoyacaq. ABŞ həm də türk dünyası və Cənubi Qafqazda maraqlarını qoruyub saxlayacaq, lakin yalnız özünə sərf etdiyi dərəcədə. Ayrıca, Çinlə rəqabətin yenidən güclənməsi ehtimalı da mümkündür”.

Rafi Müslümov

COP29