ABŞ-da gərgin dəqiqələr: Papanın ailə üzvünün evi hədəfə alındı – BOMBA HƏYƏCANI
ABŞ Prezidenti Donald Trampla kəskin gərginlik yaşayan Katolik kilsəsinin rəhbəri Papa XIV Leonun qardaşının evinə bomba qoyulması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan xüsusi təyinatlı qüvvələr bütün məhəlləni təxliyə edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, son günlər Trampın sərt tənqidlərinə tuş gələn Papanın İllinoys ştatında yaşayan qardaşı Con Prevostun evi hədəf alınıb. Anonim şəxs tərəfindən daxil olan bomba ihbarı hüquq-mühafizə orqanlarını ayağa qaldırıb.
Hadisə yerinə gələn bomba imha mütəxəssisləri və polis əməkdaşları təhlükəsizlik kordonu yaradaraq ətrafdakı sakinləri dərhal ərazidən uzaqlaşdırıb. Aparılan genişmiqyaslı axtarışlar nəticəsində ihbarın asılsız olduğu məlum olub. ABŞ rəsmiləri bu təxribat xarakterli məlumatın qaynağını tapmaq üçün xüsusi təhqiqata başlayıb.
Qeyd edək ki, bu hadisə Tramp və Papa XIV Leo arasındakı “söz savaşı”nın pik həddində baş verib. Aprelin 11-də Papanın “Güc nümayişinə və savaşa son” çağırışına Trampın cavabı çox sərt olmuşdu. ABŞ Prezidenti Papanı “nüvə silahı mövzusunda zəif” və “xarici siyasətdə bərbad” adlandırmışdı.
Hətta Trampın özünü Həzrəti İsa kimi təsvir edən fotonu paylaşması və Papanın “Tramp administrasiyasından qorxmuram” bəyanatı beynəlxalq aləmdə böyük rezonans doğurmuşdu.
Yenicag.az













