“Seçki nəticələrinə məhz “bataqlıq” adlandırılan kəsim təsir edə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də noyabrın 5-i keçiriləcək prezident seçkilərinin mümkün nəticələri ilə bağlı fikirlərini bölüşən seçki texnoloqu Vəli Əlibəyov deyib.
Onun sözlərinə görə, istər seçki texnologiyaları nöqteyi-nəzərindən, istərsə də seçkilərin təşkili baxımından ABŞ-dəki seçkilər çox qəlizdir:
“Yəni Azərbaycandan oturub ABŞ-dəki seçkilərin dərinliyini izləmək mümkünsüzdür. Bunun üçün həmin prosesin içində, yəni “mətbəx”ində olmaq lazımdır. Artıq seçicilərin qərar vermə mərhələsidir. Həm Respublikaçılar, həm də Demokratların özünün seçici kütləsi mövcuddur. Lakin gənclər və “bataqlıq” adlandırılan kəsim var ki, seçki nəticələrinə məhz onlar təsir edə bilər. Həmin “bataqlıq” adlandırılan qrup və gənclər heç bir tərəfə aid deyillər. Yəni “bataqlıq” kəsimi heç bir zaman seçkidə iştirak etmir, evdən çölə belə çıxmır. Gənclər isə ilk dəfə seçkidə iştirak edəcək deyə hansısa partiya bağlılıqları yoxdur”.
V. Əlibəyova görə, yalnız amerikalılar yox, ümumi Qərb insanında “komfort zona” anlayışı mövcuddur:
“Hansı ki, onlar yaşayışından razıdır və əziyyət çəkmək istəmir, yaxud münaqişə təhlükəsi ilə yaşamaqda maraqlı deyil. Həmin şəxslər məhz sosial məsələlərə daha çox üstünlük verir. İlk olaraq isə nəzərə almaq lazımdır ki, namizəd Donald Trampın Rusiya-Ukrayna müharibəsi və ümumilikdə Rusiya ilə bağlı konkret mövqe sərgiləməməsi onun reytinqini aşağı salır. Bu da, eyni zamanda, ABŞ-ilə yanaşı, Avropanı da qorxuya salır. Çünki hər kəs Rusiyanın aqressiv hərəkətlərinin qarşısını ala biləcək gücün ABŞ olduğunu düşünür. Növbəti prezidentdən gözlənti də məhz budur”.
Nəsimi Ələsgərli
www.yenicag.az