“ABŞ regiona müdaxilə etməklə Azərbaycan və Türkiyəyə təsir etmək istəyir”.
Bu sözləri Gürcüstanda keçirilən seçkilərdən sonra müxalif düşərgənin seçkinin nəticələrini tanımaması və mitinqə start verməsini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Yusif Bağırzadənin sözlərinə görə, müxalifətin mitinqi nəticə verməyəcək.
“Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan, Gürcüstan və Türkiyə bir neçə ortaq layihədə iştirak edirlər. Bura hərbi təlimlərin keçirilməsindən tutmuş, iqtisadi layihələrə qədər birgə fəaliyyət göstərirlər. Gürcüstanda stabilliyin olmasının tərəfdarıyıq”, – deyə o qeyd edib.
Politoloq bildirib ki, Gürcüstanda ABŞ və Avropa İttifaqının təsiri var.
“Qərb və ABŞ regiona müdaxilə etməklə Azərbaycan və Türkiyəyə təsir etmək istəyir. Gürcüstandakı seçkilər bir çox dövlətlər tərəfindən tanındı. Avropa İttifaqının üzvü Macarıstanın baş naziri Viktor Orbanın Tiflisə səfəri baş tutdu.
Hesab edirəm ki, parlament formalaşacaq, yeni baş nazir seçiləcək. Baxmayaraq, ABŞ-nin, Avropa İttifaqına daxil olan bəzi dövlətlərin seçkilərlə bağlı bəyanatları birmənalı deyil, ancaq baş verənlər müvəqqəti xarakter daşıyır. Yaxın zamanda stabilliyin şahidi olacağıq”, – deyə o vurğulayıb.
Səxavət Məmməd
www.yenicag.az