“ABŞ prosesə qoşularsa...” – Bakı izləmə MÖVQEYİNDƏDİR
“ABŞ prosesə qoşularsa, bunun sonu yaxşı görünmür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
BAP sədri İsrail-İran münaqişəsi və bu münaqişənin Azərbaycana təsirindən danışıb:
“İsrailin İrana hücumu hazırda dünyanın əsas müzakirə mövzusudur. Hücum nəticəsində də İsrail İrana çox ağır zərbələr endirdi və bunun çox ciddi nəticələri var. İranın həm nüvə obyektlərinə zərbələr vuruldu, həm də ölkənin güc strukturlarının rəhbərləri aradan götürüldü. Bu hücum İrana həm psixoloji, həm də ideoloji baxımdan ağır zərbə vurdu. Baxmayaraq ki, İranda İsrail əleyhinə aksiyalar keçirilir, amma fakt faktlığında qalır. Vurulan zərbələr nəticəsində SEPAH rəhbərinin, Aerokosmik Qüvvələrin komandanlığı, eyni zamanda ən azı 20 yüksək rütbəli iranlı komandirin həlak olduğu bildirilir. Eyni zamanda İranın Baş Qərargah rəisi Məhəmməd Baqerinin də həlak olduğu bildirilir”.
Millət vəkili bu münaqişədə Azərbaycanın izləmə mövqeyində olmalı olduğunu vurğulayıb:
“Bu bölgədə gedən müharibənin bütün ölkələrə təsir etmə ehtimalı var. Biz bütün hallarda sülhsevər dövlət olaraq bölgədə müharibə olmasının əleyhinəyik. Bütün məsələlərin sülh çərçivəsində həllinin tərəfdarıyıq. İndiki halda, Azərbaycanın konkret olaraq hansısa tərəfdə durub müharibəyə dəstək vermir, vermək niyyəti də yoxdur. Bütövlükdə bu məsələni çox ciddi şəkildə diqqətlə izləyirik. Nəzərə alaq ki, İsraillə Azərbaycan arasında strateji əməkdaşlıq var, eyni zamanda İranda bizim milyonlarla soydaşımız yaşayır, deməli, İran rejiminin apardığı bu siyasət nəticəsində bizim soydaşlarımız təzyiq altında qalıb, bu basqıdan xeyli zərər görüblər. İndiki halda da bu toqquşmada, əgər hadisələr genişlənəcəksə, ABŞ prosesə qoşularsa, bunun sonu yaxşı görünmür. Artıq ABŞ gəmiləri orada hazır dayanıb, silahlı qüvvələrinin də toparlandığı hiss edilir. Vəziyyət həddən artıq gərgindir. Bütün hallarda biz məsələlərin tezliklə həllinin tərəfdarıyıq”.
E. Musayev həmçinin münaqişənin böyüyəcəyi halda soydaşlarımızın Azərbaycana köç edəcəyini düşünür:
“Əgər İranda ciddi təlatüm olacaqsa, oradakı soydaşlarımız da müxtəlif ölkələrə, o cümlədən Azərbaycana gəlmək məcburiyyətində olacaqlar. Hələlik bizə zamanı gözləmək və hadisələrin hara gedəcəyini izləmək qalır”.
Nurlan Cəfəri