ABŞ-Rusiya münasibətlərində partlayış riski: “Hələ tezdir, amma...”
“ABŞ ilə Rusiya arasındakı münasibətlər kifayət qədər gərgin olsa da, real eskalasiyadan danışmaq hələ tezdir”.
Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, ABŞ-nin Rusiya sərhədlərinə sualtı nüvə qayıqları göndərməsinin mümkün nəticələrinə münasibət bildirib.
Hərbi ekspert qeyd edib ki, bir çoxları ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Rusiya ilə ABŞ arasındakı münasibətlərin müsbət məcrada inkişaf edəcəyini gözləyirdi:
“Lakin son proseslər göstərir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinin davranışlarından, xüsusilə də Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində Kremlin atdığı addımlardan kifayət qədər məyus olub. Buna görə də sualtı nüvə qayıqlarını Rusiya ərazilərinə yaxın akvatoriyada yerləşdirməklə Moskvaya qarşı təzyiqi artırmağa çalışır. Paralel olaraq, Aİ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 18-ə çatdırılıb.
Əslində, tərəflər arasında güc balansı ciddi şəkildə dəyişməsə də, İran ilə İsrail arasında baş verən müharibə göstərdi ki, ABŞ aviasiya və qanadlı raketlər sahəsində kifayət qədər üstünlüyə malikdir.
ABŞ ilə Rusiya arasındakı münasibətlər gərgin olsa da, real eskalasiyadan danışmaq hələ tezdir. Lakin mövcud proseslər göstərir ki, gələcəkdə bu risklərin artması mümkündür”, – deyə Ədalət Verdiyev vurğulayıb.
Nəsimi Ələsgərli