Elxan Şahinoğlu: “ABŞ-da kimin seçilməsindən asılı olmayaraq onlar Azərbaycanla tərəfdaşlıq münasibətlərini inkişaf etdirməli olacaqlar”
Elxan Mehtiyev: ““ABŞ-da kimin prezident olmasının Azərbaycan üçün əhəmiyyəti yoxdur”
Qabil Hüseynli: “Seçkinin favoriti Klintondur, o, da qalib gələcək”
Təxminən 3 həftədən sonra dünyanın bir nömrəli super dövləti olan ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə bildiyiniz kimi, Demokratlar Partiyasının namizədi xanım Hillari Klinton, Respublikaçıların namizədi isə milyarder Donald Trampdır. Demək olar ki, bütün dünya, o cümlədən Azərbaycan da ABŞ-da baş tutacaq bu seçkiləri diqqətlə izləyir.
Görəsən seçki marafonunun sonda qalibi kim olacaq? İki namizəddən kimin qalib olması Azərbaycan üçün daha məqbuldur?
Politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında xanım Klintonun qələbə çalmaq şanslarının daha yüksək olduğunu söylədi. Bakı ilə münasibətlərə gəldikdə isə, həmsöhbətimiz vurğuladı ki, kim seçilsə də belə bölgənin aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığı inkişaf etdirməli olacaqlar : “Sosial sorğulara görə namizədlərdən Hillari Klintonun Donald Trampdan üstün olduğu görünür. Klintonun seçilmək imkanı daha çoxdur. Çünki dövlətdə vaxtilə müxtəlif vəzifələrdə çalışıb, konqresmen, dövlət katibi olub, dövlətin xarici və daxili siyasətini dəqiq mənimsəyib. Tramp isə belə bir təcrübədən məhrumdur. Verdiyi açıqlama və vədlər də həqiqətdən uzaqdır. Ona görə düşünürəm ki, amerikan seçicisi sonda H. Klintona səs verəcək. Tramp və ya Klintondan hansının prezident olmasının Azərbaycanın maraqlarına cavab verdiyinə gəldikdə, əslində kimin seçilməsinin ölkəmiz üçün elə bir əhəmiyyəti yoxdur. Çünki Amerika Azərbaycanı strateji tərəfdaş sayır, ölkəmizin bölgədə inkişafı və rolunun artması Vaşinqtonun da maraqlarına xidmət edir. Yəni kimin seçilməsindən asılı olmayaraq onlar Azərbaycanla tərəfdaşlıq münasibətlərini inkişaf etdirməli olacaqlar. Obama vaxtilə konqresmen olanda deyirdi ki, saxta erməni soyqırımını tanımaq lazımdır. Amma prezident olandan sonra bundan imtina etdi, çünki Türkiyə ilə münasibətləri gərginləşdirməklə Amerikanın maraqlarına ziyan vurmuş olardı. Eləcə də yeni seçiləcək prezident Azərbaycana hansı münasibət bəsləməsindən asılı olmayaraq ilk növbədə öz dövlətlərinin təhlükəsizlik maraqlarından çıxış etməli olacaqlar. Amerikanın təhlükəsizlik marağı isə bölgədə Azərbaycanla sıx tərəfdaşlığın olmasını diqtə edir”.
Politoloq Elxan Mehtiyev də düşünür ki, Klinton prosesdən qalib çıxacaq: “ABŞ-da kimin prezident olmasının Azərbaycan üçün əhəmiyyəti yoxdur. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu müddət ərzində ABŞ-da 3 prezident dəyişir. Amma onlardan heç birinin vədlər verilsə də, Azərbaycanın bir nömrəli probleminin həllində zərrə qədər də olsa köməyi dəyməyib. Bu baxımdan tarix göstərir ki, ABŞ-da kimin prezident olması Azərbaycanın həyatı məsələləri üçün əhəmiyyət daşımır. Lakin sorğulara əsasən söyləmək olar ki, H. Klinton digər namizəddən irəlidədir. Trampın verdiyi bəyanatlar da onun ABŞ-da yaşayan azlıqlar arasında nüfuzunu heçə endirib. Bu baxımdan indiki anda görünən səhnə daha çox Klintonun xeyrinədir. Bununla belə hər şey irəlidədir”.
Politoloq Qabil Hüseynli də bu qənaətdədir ki, demokratlar daha 4 il Ağ Evdə oturmaqda davam edəcəklər: “Zənnimcə, bu ilki seçkilərin sözsüz olaraq favoriti Klintondur. O da qalib gələcək. Azərbaycanla münasibətlər də Obama dövründə olduğu kimi normal olacaq”.
Elçin/Yenicag.az
www.yenicag.az