Xameneinin yumruq formasında abidəsi Tehranda ucaldıldı
Tehranın İnqilab meydanında İranın həlak olmuş ali lideri Əli Xameneinin qaldırılmış yumruğunu əks etdirən abidə ucaldılıb.
Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyinin müxbiri məlumat yayıb.
Məlumata görə, şəhərin müxtəlif yerlərində eyni simvolun təsvir olunduğu plakatlar yerləşdirilib. Bannerlərdə Xameneinin, eləcə də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olduğu bildirilən digər hərbi və siyasi xadimlərin portretləri nümayiş etdirilir. Meydanlarda vətəndaşlara İran bayraqları paylanır, küçələrdə isə izdiham müşahidə olunur.
Ölkədə ümummilli matəm elan edilərək qeyri-iş günləri tətbiq olunsa da, paytaxtda bəzi mağazalar, küçə ticarəti məntəqələri və kafelər fəaliyyətini davam etdirir.
Məlumata əsasən, Xamenei ilə vida mərasimi daha əvvəl Tehranda başlayıb. Cümə günü keçirilən matəm tədbirlərində 100-dən çox ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirak etdiyi bildirilir. Rusiyanı mərasimdə Dmitri Medvedev təmsil edir.
Bildirilir ki, iyulun 4–5-də cənazə Tehranın ən böyük dini-ictimai komplekslərindən biri olan Mosallada saxlanılacaq və ictimai ziyarət üçün açıq olacaq. İyulun 6-da Tehranın əsas küçələrində matəm yürüşünün keçirilməsi, daha sonra cənazənin Qum şəhərinə aparılması planlaşdırılır. Məlumata görə, iyulun 8-də cənazə İraqa göndəriləcək, Kərbəla və Nəcəf şəhərlərində vida mərasimləri təşkil olunacaq. Dəfn mərasiminin isə iyulun 9-da Məşhəddə keçirilməsi nəzərdə tutulur.













