Britaniya, İtaliya və Yaponiya yeni nəsil qırıcı layihəsinə start verdi
Britaniya, İtaliya və Yaponiya yeni nəsil Global Combat Air Programme (GCAP) qırıcı təyyarəsinin hazırlanması üçün mühüm mərhələyə keçiblər.
Yenicag.az xəbər verir ki, üç ölkə 4,6 milyard funt sterlinq (6,14 milyard ABŞ dolları) dəyərində müqaviləni birgə yaradılmış Edgewing sənaye müəssisəsinə təqdim edib.
Doqquz aylıq gecikmədən sonra Böyük Britaniya layihədəki öhdəliklərini təsdiqləyərək qarşıdakı dörd il üçün GCAP proqramına 8,6 milyard funt sterlinq vəsait ayırıb. Bu qərarın ölkənin müdafiə imkanlarının gücləndirilməsi məqsədi daşıdığı bildirilib.
Britaniyanın müdafiə hazırlığı naziri Lyuk Pollard bildirib ki, GCAP proqramı ölkənin pilotlarını ən müasir gizli qırıcı təyyarələrlə təmin edəcək və İtaliya ilə Yaponiya ilə imzalanan 4,6 milyard funt sterlinqlik müqavilə layihənin icrasına doğru mühüm addımdır.
Müqavilənin imzalanması Fransa və Almaniyanın birgə qırıcı proqramının iyunda uğursuzluğa düçar olmasından sonra baş verib. Bu vəziyyət Avropada müdafiə əməkdaşlığının gələcəyi ilə bağlı sualları artırmaqla yanaşı, digər ölkələrin də GCAP layihəsinə qoşulması ehtimalını gündəmə gətirib.
Layihə Böyük Britaniyada BAE Systems, İtaliyada Leonardo, Yaponiyada isə Mitsubishi Heavy Industries tərəfindən həyata keçirilir. Altıncı nəsil gizli qırıcı təyyarəsinin 2035-ci ilə qədər istismara verilməsi planlaşdırılır.













