ABŞ və İsrail İran tərəfindən “pat” edildi: “Nə irəli gedə bilirlər, nə də geri..."
“ABŞ və İsrail meydanda İran tərəfindən ‘mat’ edildi”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.
Politoloq ABŞ və İsrailin döyüş meydanında məğlubiyyətə uğradığını iddia edib:
“Bu gün İran və ətrafında baş verən hadisələr Amerikanın strateji planının tərkib hissəsidir. Ümumilikdə ABŞ və İsrail hərbi əməliyyatlara başlamaq üçün daimi kampaniyalar aparır, bəhanələr axtarırdı. Bu məqsədlə İran iqtisadi cəhətdən zəiflədilməsi və rejimin dəyişdirilməsi üçün sanksiyalara məruz qalmış, blokadada saxlanılmışdı. İndiyədək İsrailin arqumenti ondan ibarət idi ki, İran proksi qüvvələrə dəstək verməklə ona təzyiq edir. Amerika isə uranın zənginləşdirilməsini bəhanə gətirərək təzyiqlərə başlamışdı. Hərbi əməliyyatların startı məhz bu prizmadan həyata keçirildi. Vaşinqton İranda rejimi dəyişib özünə sərf edən hökumət qurmaq istəsə də, hər şeyə rəğmən bu planı reallaşdıra bilmədi. Hərbi üstünlük nümayiş etdirilsə də, siyasi baxımdan məqsədə çatmaq mümkün olmadı”.
Ekspertin fikrincə, ABŞ-ın bu əməliyyatlara başlaması həm daxildə, həm də beynəlxalq ictimaiyyətdə onun nüfuzuna ciddi zərbə vurub:
“Xüsusilə Tramp administrasiyasının Amerikada aparılan rəy sorğularındakı reytinqi 30% enişə doğru gedir. Artıq ABŞ bu əməliyyatları dayandırmaq üçün bəhanə axtarışındadır. Atəşkəsin əldə edilməsi və danışıqların aparılması cəhdləri məhz itirilmiş nüfuzu geri qaytarmağa hesablanıb. Hazırda ABŞ və İsrail “mat” vəziyyətinə düşüb: nə irəliləyə, nə də geriləyə bilirlər. Müharibədə proksi qüvvələrin İrana dəstəyini də xüsusi vurğulamaq lazımdır. Böyük ehtimalla danışıqlar masasında bu qüvvələrin taleyi də müzakirə ediləcək”.
Politoloq həmçinin diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət artıq ABŞ və İsrailin İrana qarşı təcavüzkar tərəf olduğunu anlayır və bunu dilə gətirməyə başlayıb. Dünya İranın öz dövlətini qorumasını açıq formada müdafiə edir.
A. Məsiyev sonda qeyd edib ki, İran hər şeyə rəğmən proksi qüvvələrinə bundan sonra da dəstək verməkdə davam edəcək.
Nurlan Cəfəri













