“Türkiyənin suriyalı qaçqınları öz yurdlarına qaytarmaq istiqamətində səyləri bu ölkələri ortaq mövqeyə gətirib”.
Bu fikirləri Türkiyənin Suriyanın şimalında planlaşdırdığı növbəti hərbi əməliyyata ABŞ ilə Rusiyanın eyni mövqedən yanaşmasının səbəblərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yaradılan maneələrə baxmayaraq, hazırda Suriyada ən dayanıqlı mövqeyə malik olan ölkə məhz Türkiyədir:
“Məsələ burasındadır ki, Ukraynada müharibənin başlaması ilə Suriyanın şimalında müəyyən qədər yeni mühit yaranıb. Yeni şəraitin əlamətlərindən biri Ukraynada hərbi-texniki baxımdan ağır vəziyyətə düşən Rusiyanın Suriyadakı hərbi potensialının müəyyən hissəsini həmin istiqamətə göndərməsidir. İkinci əlamət isə bundan ibarətdir ki, ABŞ-nin müxtəlif regionlarda Rusiya ilə qarşıdurması gücləndiyi üçün onun da Suriyanın şimalına diqqəti bir qədər azalıb.
Bilirik ki, hazırda Suriyanın müəyyən əraziləri Rusiya, ABŞ və İranın nəzarəti altındadır. Ancaq ABŞ və Rusiyanın qeyd olunan diqqətinin azaldığı bir şəraitdə Türkiyənin Suriyanın şimalında yaratdığı tampon bölgədə kürd qruplarının fəallaşmaları diqqətdən yayınmır. O da məlumdur ki, Türkiyə sığınacaq verdiyi dörd milyona yaxın suriyalı qaçqınların öz yurdlarına geri qaytarılması prosesinə başlayıb. Yəni kürd silahlı qruplarının aktivləşməsini Türkiyəyə bağlı olan qaçqın kütləsinin qayıdışını əngəlləmək niyyətilə əlaqələndirmək mümkündür.
Belə bir vəziyyətdə Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün Suriyanın şimalında hərbi mövcudluğunu gücləndirməyə məcburdur. Lakin bu cəhdlər həm ABŞ, həm də Rusiyanın narahatlığına səbəb olur. Hazırda ABŞ ilə Rusiyanın Suriyanın şimalındakı bu durumda mövqelərinin yaxınlaşması Türkiyənin bu ölkələr üçün, yumşaq desək, rəqibə çevrilməsindən qaynaqlanır. Amma burada ən dayanıqlı mövqeyə malik olan ölkə məhz Türkiyədir. Çünki Türkiyənin məqsədi öz təhlükəsizliyini təmin etmək və regiondakı separatizm ocaqlarının böyüməsinin qarşısını almaqdır”.
A.Zeynalov
www.yenicag.az