Açıq havada maska taxmaq hansı təhlükəli xəstəliyə yol açır? – Professordan XƏBƏRDARLIQ

“Qabaqdan yay gəlir, açıq havada maska taxmaq məsələsi məcburi olmamalıdır”.

Açıq havada maska taxmaq qadağası insanların səbrini tükədib. Bir çox insanlar açıq havada maska taxmağın onların sağlamlığına ciddi ziyan vurduğunu, hətta vərəm və digər təhlükəli xəstəliklərə səbəb olduğunu bildirib.

Yenicag.az-a açıqlama verən Tibb elmləri doktoru Adil Qeybulla məsələyə belə aydınlıq gətirib:

“Açıq havada maska taxmağın vərəm yayması fikrinə gəlincə, maskalardan düzgün istifadə etmək lazımdır. Gigiyenik qaydalara əməl olunmalıdır. Maskalardan düzgün stifadə olunmursa, əlbəttə, bu halda hər cür xəstəlik keçə bilər. Əgər kiminsə tez-tez maska almaq imkanı yoxdursa, yuyula bilən maskalardan istifadə etsin”.

Professor onu da bildirib ki, yay fəslində açıq havada maska taxmaq məcburi olmamalıdır:

“Qapalı mühitdə karantin qaydalarına ciddi əməl edilməlidir. İctimai nəqliyyat, iaşə müəssisələri, restroran, kafe və çay evlərində insanlar saatlarla maskasız oturur ki, bu da çox təhlükəlidir və karantin davranışlarının kobud şəkildə pozulması deməkdir. Bir xəstə şəxsin içəridə olması yetərlidir ki, hamını yoluxdursun. Amma bayıra çıxanda maska taxılması tələb olunur. Bu, tamamilə absurddur. Qabaqdan yay gəlir, buna görə də hesab edirəm ki, açıq havada maska taxmaq məsələsi indiki epidemiyoloji durumda vacib deyil. Amma dediyim kimi, iaşə müəssisələrində maskasız olmaq karantin qaydalarına birbaşa ziddir və yoluxma mənbələrindən biridir”.

Cəvahir