Adil Qeybulla: “Epidemioloji sabitliyin qorunması üçün vaksinasiya və gigiyena qaydaları mühüm rol oynayır”
Hazırda Azərbaycanda epidemioloji vəziyyət diqqət mərkəzindədir. Müxtəlif virusların eyni vaxtda sirkulyasiyası əhali arasında xəstələnmə hallarının artmasına səbəb olur. Mütəxəssislər bildirir ki, pandemiyanın rəsmi başa çatmasına baxmayaraq, virus təhlükəsi tamamilə yox olmayıb və bu, xüsusilə immun sistemi həssas olan şəxslər üçün diqqətli olmağı zəruri edir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, epidemioloji mənzərə müəyyən dərəcədə qeyri-sabitliyini qoruyur:
“Pandemiya dövrü geridə qalsa da, koronavirusun ocaqları hələ də mövcuddur; hazırda ‘Omikron’ ştamının müxtəlif mutasiyaları dövriyyədədir. Bu vəziyyət təkcə ölkəmizdə deyil, qonşu regionlarda və Avropada da müşahidə olunur. Eyni zamanda influensa (qrip), respirator sinsitial virus və metapnevmovirus kimi infeksiyalar da mövsümi olaraq yayılır. Bəzi dövrlərdə isə qızılca hallarında artım qeydə alınır”.
Professor vurğulayıb ki, mövcud şəraitdə ən doğru addım peyvəndlənmə məsələsində məsuliyyətli olmaqdır. O, valideynləri uşaqların vaksinasiyasına xüsusi diqqət yetirməyə çağırıb:
“Milli peyvənd təqvimi üzrə nəzərdə tutulan bütün vaksinlər vaxtında vurulmalıdır. Təəssüf ki, bir müddət əsassız şayiələr səbəbindən uşaqlarını vaksinasiyadan yayındıranlar oldu. Nəticədə qızılca halları artanda vaksinə tələbat kəskin yüksəldi. Unutmaq olmaz ki, uşaqların sağlam gələcəyi məhz vaxtında aparılan vaksinasiyadan asılıdır”.
Ekspertin sözlərinə görə, respirator infeksiyaların yayılma tendensiyası hələ bir müddət davam edə bilər. O, COVID-19-un tamamilə sıradan çıxmadığını və fərdi ehtiyat tədbirlərinin vacibliyini qeyd edib:
“Bu gün COVID-19 hələ də aktivdir, lakin cəmiyyətdə bu virusa qarşı ehtiyatlılıq səviyyəsi xeyli aşağı düşüb. Qrip virusu da sürətlə yayılaraq insanlar arasında yoluxma zənciri yaradır. Pandemiyadan sonrakı dövrdə orqanizmlərin immun müdafiəsinin nisbətən zəifləməsi isə xəstəliklərə qarşı həssaslığı artırır”.
Gələcək proqnozlar barədə danışan Adil Qeybulla elmi yanaşmalara əsaslanmağın vacibliyini vurğulayıb:
“Gələcəkdə hansı yeni ştamların yaranacağını dəqiq demək çətindir. Lakin elmi proqnozlar göstərir ki, qrip virusu daim mutasiyaya uğradığı üçün gələcəkdə yeni pandemiya ehtimalları hər zaman gündəmdədir. Buna görə də hazırlıqlı və ayıq-sayıq olmalıyıq”.
Samir Məcidov













