“Adımı məqsədli şəkildə hallandırırlar” – İş adamı Rövşən Tağıyev
Son günlər bəzi media orqanlarında yayılan məlumatlarda “Kral Group MMC” adlı şirkətin borcları iş adamı Rövşən Tağıyevin adı ilə əlaqələndirilir, bu da ictimaiyyətdə çaşqınlıq yaradır.
İş adamı Rövşən Tağıyev yayılan xəbərlərə münasibət bildirib:
“Mənə məxsus olan şirkətlər Kral R.C MMC, Kral Təbabət MMC, Kral SR Construction MMC və Hüriyyət Azərbaycan MMC‑dir. Bu şirkətlər ictimaiyyət arasında “Kral şirkətlər qrupu” kimi tanınır. Buradan qəti şəkildə bildirirəm ki, “Kral Group MMC” adlı hüquqi şəxslə heç bir əlaqəm yoxdur. Həmin şirkətin kimə və ya kimlərə məxsus olduğunu bilmirəm. Bu şirkətin mövcud borcunun mənim adımla və mənə məxsus “Kral şirkətlər qrupu” ilə əlaqələndirilməsi, bu məzmunda başlıqlarla tirajlanması tamamilə əsassızdır və ciddi suallar doğurur.
Xüsusilə vurğulamaq istəyirəm ki, xəbəri hazırlayan jurnalistin qarşı tərəfin – yəni mənim – mövqeyini öyrənmədən, faktları araşdırıb dəqiqləşdirmədən belə bir məlumat yayması, daha sonra həmin “xəbərin” Axar.az başda olmaqla bir neçə sayt tərəfindən olduğu kimi tirajlanması, mənim ictimai nüfuzuma, işgüzar reputasiyama və fəaliyyətimə zərər vurmağa yönəlmiş addım kimi qiymətləndirilməlidir.
Mənim adımın heç bir aidiyyəti olmayan bir hüquqi şəxsin öhdəlikləri ilə yan‑yana çəkilməsi, bu cür manipulyativ formada ictimaiyyətə təqdim olunması nə peşəkar jurnalistikanın prinsiplərinə, nə də hüquqi və mənəvi normalara sığır. Bu cəhdlərin qarşısını almaq üçün qanunvericiliyin imkan verdiyi bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özümə saxlayıram”.
Camal Cavanşir












