Azərbaycan Dillər Universitetində (ADU) “Məzun günü” tədbiri keçirilib.
ADU-dan Yenicag.az-a verilən məlumata görə, universitetin həyətində keçirilən tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb. Qeyd edib ki, universitetin qapıları məzunlar üçün həmişə açıqdır: “Harada olmağınızdan asılı olmayaraq siz gərək özünüzü hər zaman universitetin övladı kimi hiss edəsiniz. Biləsiniz ki, universitetin qapıları həmişə sizin üzünüzə açıqdır. Ulu öndər deyirdi ki, gənclər mənim sizlərə əmanətimdir. Biz bu gün ulu öndərin əmanətinə sahib çıxırıq”.
K.Abdulla bildirib ki, hər bir tələbə universitet üçün əzizdir: “Univeristet həyatı, 4 il yuxu kimi gəlib keçdi. Siz müəllimləriniz üçün, müəllimləriniz də sizin üçün darıxacaq. Bundan çıxış yolu daim birgə olmaq, müəllimlərinizlə əlaqəni sıx saxlamaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsində gördüyü işlərdən danışan rektor qeyd edib ki, möhtərəm cənab prezident bütün dünyada Azərbaycanın daha gözəl, daha yaxşı tanınması üçün əlindən gələni edir: “Bu gün dünya gəncləri xalqımızın adət-ənənəyə çevirdiyi multikultural dəyərləri öyrənir. Azərbaycan multikulturalizmi bütün dünyanı gəzir. Dünya gəncləri bizim sizinlə adət-ənənəyə çevirdiyimiz dəyərləri öyrənirlər, qiymət verirlər. Bütün bu işlərdə sizin də böyük zəhmətiniz var”.
Rektor bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdırıb: “Siz təkcə auditoriyada oturmadınız. İctimai fəallıq göstərdiniz, universitetin bütün həyatında fəal iştirak etdiniz. Universitet həyatında baş verənlər sizin həyatınızda gözəl xatirə kimi həmişə yaşayacaq. Ən əsası odur ki, universitetə olan məhəbbət vətənə olan məhəbbətə dönür. Vətənə olan məhəbbət insanlığa olan məhəbbətə dönür. Əgər sizin ürəyinizdə təkcə Azərbaycana yox, bütün dünyaya, insanlığa məhəbbət yarada bildiksə, biz də, işimizi uğurlu hesab edə bilərik. Mən sizə gələcək həyatınızda uğurlar, səadət arzulayır, hər birinizə möhkəm can sağlığı diləyirəm. Tələbə həyatı bitdi, yaşasın gənclik, yaratmaq həyatı… ”
Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli məzunlara gələcək həyatlarında uğur arzulayıb, təkcə bu gün deyil, gələcək həyatlarında da ADU-nun silinməz izlər buraxacağını qeyd edib.
Tədbirdə universiteti yüksək göstəricilərlə bitirən məzunlara qırmızı diplomlar, ictimai işlərdə fəal iştirak etmiş və tədris sahəsində müvəffəqiyyət qazanmış tələbələrə “Fəxri məzun” diplomları, 2017-ci tədris ilini ən yüksək orta balla bitirən məzunlara isə “Uğur mükafatı” təqdim olunub.
Tədbir bədii proqramla davam edib, tələbələrin ifasında mahnılar səsləndirilib.
Qeyd edək ki, 2017/2018-ci tədris ilində ümumilikdə ADU-nu bakalavr pilləsi üzrə 1459, magistratura pilləsi üzrə isə 134 tələbə bitirib. Həmçinin, 7 nəfər əcnəbi tələbə magistr pilləsini bitirib. 224 məzuna isə fərqlənmə diplomu verilib.