ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb.

ADY-dən Yenicag.az-a bildirilib ki, bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb.

İlk dəfə olaraq qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.
İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılıb.

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatır. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edən yeni FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib.

Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılıb.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılıb.

Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılıb. Bununla əlaqədar olaraq Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın bir hissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.

Stansiyalarda da bir sıra yeniliklər həyata keçirilib. Belə ki, Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib, Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.

Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır. Bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.

ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600