AFFA-sız da futbol olur: “Öz uşaqlarımız” HESABINA – REPLİKA
Dünən Azərbaycan futbolunun tarixində misli görünməmiş – həm qürur dolu, həm də acı bir hadisə yaşandı: minifutbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatının finalına yüksəldi. Qürurverici səhnə idi – “öz uşaqlarımız”la, təmənnasız mübarizə ilə, real uğurla finala gedən yolu gördük. Amma həmin an bir başqa “milli” də öz evində UEFA Millətlər Liqası çərçivəsində keçirilən oyunda meydana çıxmış və 5-0 hesabı ilə Litvaya boyun əymişdi. Bəli, bu “milli” AFFA-nın himayəsində olan qadınlardan ibarət yığmamız idi.
Bax, burada bir anlıq dayanmaq lazımdır. İllərdir bu ölkədə futbolun adına milyardlar xərclənir. Legionerlərin milliləşdirilməsi, bacısı, qardaşı oğlunun, əminəvəsi, dayınəvəsinin yığmaya salınması, futboldan zərrə qədər xəbəri olmayanların “menecer” adıyla meydanda dolaşması, səviyyəsiz planlar, şişirdilmiş reklamlar üstünlük təşkil etsə də, nəticə sıfırdır. Çünki AFFA üçün futbol xalqın oyunu yox, qazanc layihəsidir. Azərbaycanda idmanın bir çox sahəsində, xüsusən də minifutbolda uğur var, ona görə ki, AFFA-nın barmağı orada yoxdur, oraya hələ əli uzanmayıb, çünki orada “day-day futbolu” yox, əsl futbol var.
Minifutbol millisi isə İngiltərə, Rumıniya, Çernoqoriya və digər rəqiblərini məğlub edərək təmiz alın təri ilə finala yüksəlib. Nə legioner var, nə saxta layihə, nə milliyə “adam salmaq”. Sadəcə Vətənə sevgi və futbola hörmət. Bəs AFFA bu uğuru niyə təkrarlamır? Əgər həmin yığmanın bütün hüquqları AFFA-ya aid olsaydı, yəqin ki, indi Bakının küçələrində plakatlar yapışdırılmışdı.
Uzun illərdir “Qarabağ” klubu təkbaşına Azərbaycan futbolunun üzünü ağ edir. İndi də minifutbol yığması bu estafeti üzərinə götürüb. AFFA isə öz milyonluq “qızıl layihələri” ilə Litvadan 5 cavabsız qol yedikdən sonra yenə də məsul olduğu işə barmaqarası baxmağa davam edir. Niyə? Çünki bu nəticə onun “pulyeyən sistem”inə ziyan vurmur.
Azərbaycanda bölgələrdə futbolu dirçəltmək üçün məşqçilər, idman mütəxəssisləri canını qoyur. Amma AFFA-nın “strateqlər”i hər dəfə büdcə xərcləməkdən və hesabat yazmaqdan başqa heç nə ilə məşğul olmurlar. Hansısa bölgədə balaca uşağın palçıqlı meydançada top dalınca qaçması AFFA-nın vecinə belə deyil. Çünki həmin uşağa büdcədən xərclənən pul AFFA tərəfindən yeyilməyəcək.
Bəli, bu gün minifutbol millimiz Dünya Çempionatının finalındadır. Və bu da onu sübut edir ki, futbol AFFA-sız da olur, hətta AFFA olmayanda daha da gözəl olur. Çünki bu xalq futbolu sevir. Deməli, nə imiş? Bizdə futbol var, “öz uşaqlarımız” da çox gözəl futbol oynaya bilirlər, yetər ki, orada AFFA-nın barmağı olmasın…
Yenicag.az