“Ankara Suriya Milli Ordusunun tərkibindəki qüvvələrin etimadını itirmək istəmir”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Suriyada cərəyan edən son prosesləri dəyərləndirən Yaxın Şərq üzrə rusiyalı ekspert Harun Sidorov deyib.
Ekspert Türkiyənin İdlib bölgəsində fəallığını artırması haqqında fikirlərin birmənalı qarşılanmadığını qeyd edib:
“Əvvəla, Suriya Milli Ordusu bir neçə ay əvvəl, Suriya İslam Şurasının çağırışı ilə ölkənin müxalif və inqilabi qüvvələrinin koalisiyası egidası altında formalaşdırılmağa başlayıb. Digər tərəfdən, bu strukturlar ənənəvi olaraq, Türkiyəyə meyilli olmalarına və bu ölkədə yerləşmələrinə baxmayaraq, son aylarda onların Ankara ilə münasibətləri müəyyən suallar doğurur.
İş ondadır ki, Ankara YPG-nin qatılmayacağı təqdirdə, Rusiya ilə İranın hazırladığı Soçi konqresində iştiraka razılıq versə də, yuxarıda adlarını çəkdiyim təşkilatlar Soçi formatını qəti şəkildə rədd ediblər.
Üçüncüsü, “Həyat Təhrir əş-Şam” qruplaşması Suriya Milli Ordusunun tərkibində deyil və ümumiyyətlə, bunlar bir-birinə əks layihələrdir. Burada qeyd olunmalıdır ki, son aylarda Türkiyə ilə “Həyat Təhrir əş-Şam” arasında qeyri-formal koordinasiya işləri aparılıb və bu, gizlədilmir.
Eyni zamanda, açıq görünür ki, Suriya Milli Ordusunun dünən İdlibdə ağır texnika və silahlarla başladığı əks-hücum Türkiyənin dəstəyi olmadan baş tuta bilməzdi. Fikrimcə, Mövlud Çavuşoğlunun məlum bəyanatı ilə üst-üstə düşən bu dəstək olmasaydı, Ankara Suriya Milli Ordusunun tərkibindəki qüvvələrin etimadını itirmək riski ilə üzləşə bilərdi. Əks halda, Afrində YPG ilə heç kəs döyüşməyəcəkdi. Türkiyə də bu işlə təkbaşına məşğul olmayacaqdı”.
Politoloq son hadisələrin Türkiyə, Rusiya və İran arasında münasibətləri kəskinləşdirmək ehtimalını belə dəyərləndirib:
“Çavuşoğlunun bəyanatı belə deməyə əsas verir ki, İdlibdə vəziyyətin dəyişməsi Türkiyə üçün gözlənilməz olub. Ancaq o hadisələrdə gözlənilməz heç nə yoxdur. Çünki Əsəd qüvvələrinin İdlibə hücumu çoxdan hazırlanırdı və əməliyyata başlanılmışdı. O baxımdan, Rusiya, Türkiyə və İran arasında zona bölgüsünün aparıldığı düşünülə bilər.
Türkiyənin bu fəallaşmasını özünün və müttəfiqlərinin mövqeyini gücləndirmək niyyəti ilə əlaqələndirmək olar. Əvvəla, Əsəd qüvvələrinin bölgədə yalnız bacardıqları qədər irəliləmələri mümkündür. İkincisi, Əsəd qüvvələrinin bölgədə maneəsiz irəliləməsi müxalifət qüvvələri tərəfindən onların “xərclənməsi” cəhdi kimi qiymətləndiriləcək.
Ona görə də bu fikirdəyəm ki, Ankara ürəyincə olmasa da, iki tərəfdən üzləşdiyi təzyiqə reaksiya verməlidir. İlk baxışda belə görünür ki, Türkiyə Rusiya və İranla razılığa gəlib. Ancaq eyni zamanda, Moskva ilə Tehranın hətta kürdləri kənarda saxlayacaqları təqdirdə belə, həmin razılığa əməl edəcəklərinə təminat yoxdur. Belə bir vəziyyətdə Suriya müxalifətinin “xərclənməsi” isə özünütərksilah və Suriyadakı çoxillik “oyun”un sonu olacaq”.
Sidorov Suriya Milli Ordusunun bütün müxalif qruplaşmaları öz ətrafında birləşdirərək güclü hərbi qüvvəyə çevrilməsinin bəzi amillərdən asılı olduğunu bildirib:
“Əgər Suriya Milli Ordusu heç olmasa təchizatında “Qrad”, “Buk” kimi sistemlər olan “Donetsk Xalq Respublikası”nın hərbi qüvvələri kimi formalaşarsa, qarşıya qoyduğu məqsədə çata bilər. O silahları onlara kimin verdiyini izah etmək artıqdır.
Suriya Milli Ordusunun nəzarətində o cür güclü silahlar olsa, uğur qazana bilər. Əks halda, Afrini amerikalıların təlim keçdiyi 10 min nəfərlik hərbi qüvvənin müdafiə etdiyini nəzərə alaraq, o qüvvənin yalnız bir-iki sərhədyanı kəndləri tutaraq, piar-aksiya ilə kifayətlənməli olacağını deyə bilərik”.