Dünyada ət niyə bahalaşır? - Araşdırma

media-hightechnic-468x90

Qlobal mal əti qiymətləri son 65 ilin ən yüksək səviyyəsinə çatıb. Təkcə bir ildə bu növ ətin dəyəri təxminən 10 faiz artıb. Analitiklər mal ətinin bahalaşmasının əsas səbəbi kimi ABŞ-da otlaqların azalmasını, Braziliyada uzun müddət davam edən quraqlığın təsirlərini və süd məhsullarının (ətin rəqibi) qiymətlərinin artmasını, eləc də rəsmi Vaşinqtonun tarif siyasətini göstərirlər.

Hansı ki ticarət müharibəsi həm də qlobal mal əti tədarükünün strukturunu dəyişdirib. “Rabobank”ın proqnozuna görə, qlobal istehsal 2025-ci ildə təxminən 3% azalacaq və hava şəraiti sabitləşənə qədər qiymətlərdə əhəmiyyətli azalma baş verməyəcək. İqlim və istehsal məhdudiyyətləri səbəbindən təklifin azaldığı şəraitdə isə tələb yüksək olaraq qalır. Beynəlxalq Qida Məlumat Şurası tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, protein qəbul edən respondentlərin nisbəti 2024-cü ildə 59 faizdən 71 faizə yüksəlib. JBS-ə görə isə zülal ümumilikdə qlobal bir trendə çevrilib.

Ən böyük ət istehsalçıları

Dünyada ən çox ət istehsal edən ölkə Çindir. İldə 253.024.735 ton ət istehsalı gücünə malikdir. Çinin qlobal ət istehsalındakı payı 25,91%-dir. Qalan beş aparıcı ölkə ABŞ, Braziliya (müvafiq olaraq 145.824.471 və 87.035.453 ton istehsal həcminə malikdirlər) Hindistan və Rusiyadır. Bu dövlətlər qlobal ət istehsalının 54,65%-ni təşkil edirlər. Digər ət istehsal edən ölkələrə İtaliya, Birləşmiş Krallıq, Pakistan, Kanada və İspaniya daxildir.

Rəsmi proqnozlara əsasən, Çinin 2025-ci ilə qədər ət istehsalı hədəfi 89 milyon tondur ki, bu da 2020-ci illə müqayisədə təxminən 15% çoxdur.

Quraqlıq və ət istehsalının azalması

ABŞ Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda iki Asiya nəhəngi olan Çin və Hindistanda heyvandarlıq sektoru ilə bağlı yenilənmiş məlumatları, eləcə də 2026-cı il üçün proqnozlarını açıqladı. Məlum oldu ki, Çində mal əti istehsalı 51 milyon baş heyvanın kəsilməsi nəticəsində 2025-ci ildəki 7,8 milyon tondan 2026-cı ildə 7,56 milyon tona düşəcək. Gözləniləndən aşağı iqtisadi artım və daha ucuz ətlərə (donuz əti və quş əti) keçid səbəbindən Çinin daxili bazarı təxminən 5% azalma ilə üzləşəcək.

İkinci ən böyük istehsalçıya – ABŞ-a gəlincə, 48 ştatda anomal hava şəraitinin oktyabrın sonlarına qədər davam etməsi və quraqlıq otlaq sahələrini azaldıb, yerli heyvandarlıq fermalarına əhəmiyyətli dərəcədə təsir göstərib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə mal-qaranın sayında azalma gözlənilir. Qeyd edək ki, 2025-ci il yanvarın 1-i tarixinə ölkədə 86,7 milyon inək var idi. Bu rəqəm 1951-ci ildən bəri ən aşağı göstəricidir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, böhran ABŞ-ı əsas mal əti ixracatçısından idxalçıya çevrilməsi ilə nəticələnib: “Yerli istehsal artan tələbatı ödəyə bilmədiyi üçün ABŞ getdikcə daha çox mal əti idxal etmək məcburiyyətində qalır”.

Təkcə 2025-ci ilin birinci yarısında yerli idxalçılar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz daha çox mal əti alıblar. ABŞ bazarına əsas ət tədarükçülərindən biri hesab edilən Braziliyadan göndərilən malların həcmi bu dövrdə 91 faiz artaraq 181 400 tona çatıb. Lakin Ağ Ev tərəfindən tətbiq edilən yeni tarif siyasətindən (tariflərin 10%-dən 50%-ə qədər atırılmasından) sonra bu Latın Amerikası ölkəsindən ABŞ-a mal əti ixracı avqustda 18,5 faiz azalıb. Nəticədə, Amerikanın pərakəndə satış məntəqələrində bir funt (0,453 kq) çəkilmiş mal ətinin qiyməti illik müqayisədə 13 faiz artaraq rekord həddə – 6,32 dollara yüksəlib.

Digər böyük qlobal təchizatçı olan Braziliya da isti havaların fəsadlarından ciddi şəkildə əziyyət çəkir. El Nino iqlim fenomeninin yaratdığı uzunmüddətli quraqlıqlar və yağıntıların kəskin azalması Amazon hövzəsinin şimalında, eləcə də mərkəzi və cənub-şərq ştatlarında heyvandarlıq fermalarına mənfi təsir göstərib. Mal-qaranın sayına görə lider hesab edilən Mato Qrosso və Qoyas ştatları 2024-cü ildə ən çox zərər çəkənlər arasında yer alıb. Yazda yerli hakimiyyət orqanları Amazon və Pantanalda quraqlığın dağıdıcı nəticələrinin qarşısını almaq üçün bir sıra tədbirlər görsə də, mal-qara böhranını aradan qaldırıla bilməyib. Milli Coğrafiya və Statistika İnstitutunun məlumatına görə, Braziliyada ərzaq çatışmazlığı səbəbindən mal-qaranın sayı 2024-cü ildə 400 000 baş azalaraq 238,6 milyondan 238,2 milyona düşüb. Qoyasda bu rəqəm 2,2 faiz azalaraq 23,2 milyon başa (ümumi sayın 9,7 faizi), Mato Qrossoda isə 3,6 faiz azalaraq 32,9 milyon başa (13,8 faiz) enib. Braziliyanın mal əti istehsal edən üç aparıcı ştatından Para bu dövrdə mal-qara sürüsünü illik 2,1 faiz artımla artıran yeganə ştat olub. Lakin bu, ölkə miqyasında mənfi tendensiyanı aradan qaldırmağa kifayət etməyib.

Maraqlıdır ki, rəqiblərindən fərqli olaraq Hindistanda istehsalın 4,6 milyon tondan 4,7 milyon tona qədər artacağı proqnozlaşdırılır. Ölkənin 36 ştatından səkkizində mal-qaranın kəsilməsinə icazə verilir. 2025-ci ilin sonuna qədər Hindistanın ixracının 1,55 milyon ton səviyyəsində qalacağı, Malayziya, Misir, BƏƏ və Səudiyyə Ərəbistanına ixracın davam edəcəyi, lakin İndoneziya, Vyetnam, eləcə də İraqa ixracın azalacağı proqnozlaşdırılır. Bununla belə Hindistanın qlobal reytinqdə üçüncü yeri tutacağı gözlənilir.

Avropada isə heyvandarlığın geriləməsinin tamamilə fərqli səbəbləri var. Epizootik hemorragik xəstəliyi Fransa və İtaliyada sürü sayının azalmasına, dabaq xəstəliyi isə müvəqqəti karantinlərə gətirib çıxardı. Bu epidemiyalar məhdud olsa da, biotəhlükəsizlik tədbirlərini artırıb və fermerlərin xərclərini yüksəldib.

Mütəxəssislər bildirir ki, heyvanların çoxalması və böyüməsi vaxt aparır, ona görə mal-qara sayının bərpası 2027-ci ilin ortalarına qədər çəkə bilər.

Ticarət müharibəsi və qlobal ət bazarı

2024-cü ilin xarici ticarət statistikasına əsasən dünyada əsas ət idxalçılarının siyahısına Çin (26 milyard dollar, qlobal idxalın 18,4%-i) rəhbərlik edir. İkinci sırada ABŞ (12,4 milyard dollar, qlobal idxalın 8,57%-i) yer alır. Yaponiya 9,87 milyard dollarla qlobal idxalın 6,8%-ni, Almaniya 8,37 milyard dollar idxalla qlobal idxalın 5,76%-ni, Fransa 7,15 milyard dollar idxalla qlobal idxalın 4,93%-ni reallaşdırıb.

Əsas ət və ət məhsulları ixaracatçılarının siyahısında Braziliya (22 milyard dollar, qlobal ixracın 13,8%-i) ilk sıradadır. Sonrakı yerləri ABŞ (21 milyard dollar, qlobal ixarcın 13,7%-i), Niderland (11,9 milyard dollar, qlobal ixracın 7,53 %-i), Avstraliya (11,7 milyard dollar, qlobal ixracın 7,43%-i), İspaniya (11 milyard dollar, qlobal ixracın 6,94%-i) bölüşür.

Göründüyü kimi, ABŞ həm əsas idxalçı, həm də ixracatçıdır. Bu səbəbdən ölkənin bazarında baş verən proseslər bütün dünyada mal əti tədarükünə və qiymətlərə təsir göstərir. ABŞ-ın tarifləri kəskin şəkildə sərtləşdirməsi nəticəsində yaranan ticarət müharibələri fonunda qlobal mal əti tədarükünün strukturu dəyişib. Rəqəmlərə görə, bu, hətta qlobal ticarət axınlarının yenidən bölüşdürülməsinə və ixracatçılar arasında rəqabətin artmasına da səbəb ola bilər.

Məsələn, ABŞ Braziliyadan mal əti idxalına tarifləri kəskin şəkildə artıraraq 76,4%-ə çatdırıb (bir il əvvəl təxminən 10%-dən çox idi). Bu, Braziliya üçün ABŞ bazarını faktiki olaraq bağlayıb.

Digər tərəfdən, Amerikanın mal əti istehsalçıları Çinə ixracın azalması səbəbindən yüz milyonlarla dollar itiriblər. Bu addım 2025-ci ilin martında Çinin yüzlərlə Amerika kəsimxanasının ixrac lisenziyalarını yeniləməkdən imtina etməsi ilə başladı. Nəticədə iki ölkə arasında 1,55 milyard dollarlıq mal əti ticarəti demək olar ki, tamamilə dayandı.

Çin eləcə də ABŞ-ın ən böyük ət istehlakçısı olduğunu nəzərə alıb mal və donuz ətinə yüksək tariflər müəyyən edib. Çinə göndərilən Amerika mal ətinin dəyəri avqust ayında 2024-cü ilin eyni ayında 125 milyon dollardan 9,5 milyon dollara düşüb. “Global AgriTrends” şirkətinin təsisçisi Brett Stüart bildirib ki, mal əti bazarına çıxış məsələsinin iki ölkə arasında 10 noyabrda keçirilməsi planlaşdırılan növbəti ticarət danışıqlarından əvvəl həll olunacağına inanmır.

“Global Beef Quarterly Q2”nin 2025-ci ilin 2-ci rübü üzrə hesabatında qeyd edilir ki, Çin idxalçıları artıq Avstraliya, Yeni Zelandiya və Latın Amerikası ölkələri də daxil olmaqla digər əsas təchizatçılardan ət almağa başlayıblar.

Yeri gəlmişkən, Avstraliya ABŞ və Çin arasındakı gərginlikdən istifadə edərək bu ilin avqustunda Çinə mal əti tədarükünü 140 milyon dollardan 226 milyon dollara qədər artırıb.

Çinə mal əti ixrac edən Braziliya da son aylarda tədarükünü çoxaldıb. Lakin bütün hallarda proseslərdən Avstraliya daha çox faydalanmaqdadır. Avstraliya hökumətinin son məlumatları göstərir ki, ilin ilk yeddi ayında mal əti ixracı 35% artaraq 10 milyard Avstraliya dollarına (6,6 milyard ABŞ dolları) çatıb. Çinə ixrac 65%, ABŞ-a isə 48% artıb.

Ekspertlər hesab edir ki, axınların yenidən bölüşdürülməsi lokal çatışmazlıqlar və artıqlıqlar yaradır, lakin ümumi bazar gərgin olaraq qalır. ABŞ getdikcə daha çox ət idxal etməyə məcburdur, Çin isə xarici təchizatçılardan asılı olaraq qalır və ixracatçıların imkanları məhduddur.

Qlobal ət qiymətləri yüksəlib

Hazırda dünyanın bir çox yerində mal ətinin qiymətlərinin kəskin şəkildə artdığı müşahidə edilir. Dünya Mal Əti Hesabatına (WBR) görə, bəslənmiş və ya kəsilmiş öküzün qiyməti bu ilin sentyabrında ötən ilin eyni dövrü ilə müqayisədə Avropa Birliyində 54%, ABŞ-da 33%, Braziliyada 26% və Meksikada 17% artıb.

Dünya Bankının məlumatına əsasən, bu ilin sentyabrında bir kiloqram mal ətinin orta qlobal qiyməti 6,90 dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz yüksəkdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da ilin əvvəlindən ətin dəyərinin təxminən 10% artdığını açıqlayıb.

Avqustda ət kateqoriyası (mal, donuz, quş və quzu ətinin məhsullarını əhatə edən orta göstərici) üzrə bal təxminən 128 bənd təşkil edib. Bu da indeksin yaradılmasından bəri rekord göstəricidir. Mütəxəssislər mal ətinin qiymətinin artmasını dünya miqyasında davam edən yüksək inflyasiya, ABŞ və Çində istehlakçı tələbatının artması, süd istehsalının yüksək maya dəyəri, yeni tarif siyasəti ilə əlaqələndirirlər.

Bazardakı dalğalanmalardan qorunmaq üçün bəzi idxalçılar ət ehtiyatı belə toplayırlar.

Dünya Mal Əti Hesabatına (WBR) əsasən, mal ətinin qiyməti təkcə tədarük çatışmazlığı səbəbindən deyil, həm də mal-qara yeminin, enerjinin, işçi qüvvəsinin və nəqliyyatın yüksək qiyməti kimi digər amillər səbəbindən artıb.

Sənədə görə, Braziliyada mal əti güclü qlobal tələbat sayəsində bahalaşıb. Bu da Prezident Donald Trampın 50% tarif tətbiq etməsindən sonra ABŞ bazarına çıxışın azalmasını kompensasiya edib. ABŞ da isə Brazilya və Çindən tədarükün azalması qiymətləri stimullaşdırıb.

“GlobalProductPrices” tərəfindən tərtib edilən dünyada mal ətinin qiymət reytinqində ilk sırada İsveçrə qərarlaşıb. Burada 1 kiloqram mal ətinin qiyməti 70,39 dollardır. Ardınca Cənubi Koreya (60,65 dollar) və Honkonq (51,44 dollar) gəlir. İlk onluqda həmçinin yüksək həyat səviyyəsinə malik digər ölkələr də var:

Norveç (44,16), Yaponiya (37,14), Almaniya (35,24), Danimarka (29,33), Niderland (25,42), Tailand (22,52) və İsveç (22,11 dollar).

İtaliyada ətin kiloqramı 22,09, ABŞ-da 21,87, İsraildə 21,82, Finlandiya 21,41, İspaniyada 20,50, Latviyada 19,06, Çində 18,84, Avstriyada 18,79, Küveyt 18,04, Çili 17,79, Portuqaliya 17,61, Belçika 17,26, Yunanıstanda 17,16, Fransada 17,03, Macarıstanda 16,59, Polşada 16,53, Kanada 16,33, Böyük Britaniyada 16,28, Avstraliyada 15,83, İrlandiyada 15,59, Slovakiyada 15,55 və Yeni Zelandiyada 15,53 dollar təşkil edir.

Azərbaycanın ticarət tərəfdaşı olan Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələrdə də ət bahalaşıb. Qazaxıstan Ticarət Nazirliyinin məlumatına görə, ilin əvvəlindən sentyabra qədər ətin qiymət indeksi təxminən 25%, sosial siyahıya alınmış mal ətinin qiyməti isə 23,6% artıb. Rusiya Statistiks Komitəsinin hesablamalarına görə, mal ətinin orta pərakəndə satış qiyməti 660,19 rubla (manat ekvivalentində 13 manat 85 qəpik) çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 8,5% yüksəkdir. Türkiyədə 1 kq mal ətinin dəyəri təxminən 24.5 dollar (41.70 manat) səviyyəsindədir. İranda bu rəqəm 5.62 dollar (9.55 manat), Qazaxıstanda 5.90 dollar (10.03 manat), Özbəksitanda 12.26 dollar (20.85 manat), Gürcüstanda isə 16 dollar (18.70 manat) təşkil edir.

Azərbaycanda ət delikatesə çevrilir

2025-ci ilin sentyabrında əvvəlki ayla müqayisədə Azərbaycanda ət məhsullarının qiymətləri 2,3 faiz artıb. Faktiki olaraq ətin qiymətindəki artım digər qida məhsullarını üstələyib. Hazırda bazarda dana əti 17–17.5 manat, quzu əti 21.5–22 manat aralığında satılır. Qiymət artımının əsas səbəbləri kimi yem xərclərinin və heyvandarlıqla bağlı digər istehsal xərclərinin artması, yerli təklifin azalması və idxal imkanlarının məhdudlaşması göstərilir.

Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 75 milyon 768 min ABŞ dollar dəyərində 33 min 320 ton ət idxal edilib. İdxal ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8 095 ton (19,5 %), dəyər baxımından isə 14 milyon 746 min ABŞ dolları (16,2 %) azdır. Onu da qeyd edək ki, Azərbaycan əsasən Ukrayna, Rusiya, Belarus, Monqolustan və Braziliyadan ət idxal edir.

Yeri gəlmişkən, Hesablama Palatasına görə, yerli istehsalın bazası olan damazlığın lazımi səviyyədə inkişaf etdirilməməsi ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amildir.

Bundan əlavə satış qiymətləri idxal qiymətləri ilə müqayisədə daha əlverişli olan yerli istehsal heyvan toxumlarının keyfiyyətinə əminlik yoxdur. Fermer təsərrüfatları həmin toxumları idxal edirlər.

Palataya görə, ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsi (14,6-15,8%-nin) süni mayalanmaya cəlb edilir. Süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması üçün 20 ildən çox müddət tələb olunur. Bu da mövcud süni mayalanma işinin bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verir.

Heyvandarlığın təbii yem bazasının azalması ilə yanaşı, yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olub.

İribuynuzlu mal-qaranın sayı azalaraq ən aşağı həddə düşüb

Son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb. Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə inansaq 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.

Bundna başqa, 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş, 2024-cü il yanvarın 1-nə 7 milyon 60,6 min baş, 2023-cü il yanvarın 1-nə 7 milyon 751,7 min baş, 2022-ci il yanvarın 1-nə 7 milyon 899,7 min baş, 2021-ci il yanvarın 1-nə 8 milyon 89,7 min baş, 2020-ci il yanvarın 1-nə 8 milyon 189,2 min baş olub.

Bununla yanaşı, 2024-cü ildə ölkədə bütün növ ət ehtiyatlarının həcmi 476 min 917 ton olub ki, bu da 2023-cü illə müqayisədə 4,1 % çoxdur. Ət ehtiyatlarının 2,5%-i ilin əvvəlindən qalan qalıq hesabına, 81 %-i istehsal, 16,4 %-i idxal hesabına formalaşıb.

Ötən il Azərbaycanda 386 min 323 ton ət istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanın bütün növ ət məhsulları ilə özünü təminetmə səviyyəsi 2,2 % azalaraq 83,4 % olub.

Azərbaycanlılar dünyada ən az ət yeyən toplumdur

Azərbaycanda illik adambaşına ət istehlakı 44,39 kq təşkil edir. Qonşularımız olan Rusiyada bu rəqəm 81.7, Türkiyədə 46.8, İranda 31.9 kq-dır.

Rəqəmlər və dəyərləndirmələr göstərir ki, ət istehlakı yaşayış səviyyəsinin yaxşı olduğu ölkələrdə yüksəkdir.

Məsələn dünyada adambaşına illik ən çox ət istehlak edən ölkələrin sırasına Honq Konq (123 kq), ABŞ (123 kq), Marşal Adaları (118 kq), Argentina (113 kq), İsrail (113 kq), Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi Makau (113kq), Avstraliya (112 kq), Baham Adaları Birliyi 108 (kq) daxildir.

Beyənlxalq qurumların təhlilləri göstərir ki, dünyada mal əti tədarükü məhdud olsa da, bu növ ətə tələbat yüksək olaraq qalır. Beynəlxalq Qida Məlumat Şurasına görə, son bir neçə ildə daha çox protein yeməyə çalışan respondentlərin nisbəti 2024-cü ildə 59 faizdən 71 faizə yüksəlib. JBS-ə görə, zülal ümumilikdə qlobal bir trendə çevrilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa