!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağır çanta, çətin DƏRS YÜKÜ: "Kitabları müəllimlər güclə qavrayır, o ki qaldı şagirdlər" - Təhsil EKSPERTİ

!Reklam – Yazi

Bu gün valideynləri narahat edən əsas məsələlərdən biri də övladlarının belini bükən ağır məktəb çantalarıdır. Yükü ağır olan sözügedən çantalar məktəblilərin sağlamlığına mənfi təsir edir və fiziki cəhətdən çox yorulurlar.

Bəs problemi necə aradan qaldırmaq olar?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər:

“Çox zaman şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Hesab edirəm ki, ağır çantalar uşaqlarda bir çox xəstəliklərə yol açır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda sözügedən ləvazimatın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşür və skoliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır”.

Kamran Əsədov onu da vurğulayıb ki, bu gün təkcə dərs oxumaq yox, həmdə o dərsi oxumağa kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib:

“İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını özlərindən çox valideynlərin daşıdığını görürük. Bu hal, əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib. Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiniz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır”.

Beynəlxalq təcrübənin qəbul olunan prinsiplərindən də danışan təhsil eksperti əlavə edib ki, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir. Bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kq (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4 kq, 12-15 yaş uşaqlar isə 5 kq ağırlığında çanta götürməlidirlər:

“İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbətdə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur”.

Kamran Əsədov qeyd edib ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı və kitabların həcmi azaldılmalıdır. Məsələn, Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində deyillər:

“Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-də uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var.
ABŞ-də həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur.

İlk növbədə qeyd etmək istəyirəm ki, bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu, yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, müddət uzadılır. Müddətin uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür ki, həyata keçirilən tədbirlər nəticəsində isə proqram daha da ağırlaşır.
Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur. Belə ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır.

Apardığımız araşdırmalar göstərir ki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil.
Hal-hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçrilən eyni mövzuları mənimsəyiblər.

Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər”.

Ekspert vurğulayıb ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər – pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və “bir udumluq” olmalıdır:

“Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır.

Hal-hazırda real vəziyyət budur ki, Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Çünki dərsliklər kifayət qədər ağır yazılıb. Dünya təcrübəsindən bir misal deyim: Kanadada deyirlər ki, uşağa bilik öyrətməkdən əl çəkin. Şagirdə özünütəyinetmə imkanı verin. Yuxarı siniflərdə instruktor olması kifayətdir. Tapşırıq verir, şagird isə informasiyanı özü axtarıb tapmalıdır. Dərslik şagirdin müstəqilliyini inkişaf etdirmir. Əksinə, onu çərçivəyə salır. Həyatda nə müəllim həmişə onun yanında olacaq, nə də düzgün yazılmış dərslik.

Xüsusilə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv