Şimali Kipr mediasının tanınmış siması Ərtan Birinci ali mükafatla təltif edildi
Türkiyə İnternet Media Birliyinin (TİMBİR) Ali Məsləhət Şurasının üzvü, tanınmış media rəhbəri və idman jurnalisti Ərtan Birinci Mətbuat Olimpiya Mükafatına layiq görülüb.
Yenicag.az xəbər verir ki, Ə. Birincinin idmanla tanışlığı hələ uşaqlıq illərinə təsadüf edir.
Onun idman mediasındakı fəaliyyəti 1978-ci ildə, cəmi 12 yaşında olarkən məktəb idman xəbərləri müxbiri kimi başlayıb. Təxminən yarım əsrə yaxın davam edən jurnalist və yayımçılıq fəaliyyəti ərzində Birinci idmanın müxtəlif növlərinin ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görərək Şimali Kiprdə idman jurnalistikasının inkişafına öncülük edən şəxslərdən birinə çevrilib.
Şimali Kipr Türk Cümhuriyyətinin ilk özəl radiosu olan “First FM”in qurucusu olan Ərtan Birinci daha sonra yaratdığı “Kıbrıs Genç TV” vasitəsilə idman yayımçılığını televiziya ekranlarına daşıyıb. O, 1994-cü ildə “BRT” kanalında ilk həftəlik idman xəbər proqramlarından birini təqdim edərək idman mediasında yeni mərhələnin əsasını qoyub.
1997-ci ildən etibarən “Kıbrıs Genç TV” və “First FM”də futbol, basketbol, voleybol, atletika, motor idmanı və digər sahələr üzrə çoxsaylı proqramlar hazırlayan Birinci idmanın cəmiyyətin bütün təbəqələrinə çatmasına mühüm töhfə verib.
Ə. Birinci həmçinin Kipr İdman Yazarları Dərnəyinin təsisçilərindən biridir. O, 1999-2003-cü illərdə iki müddət ardıcıl olaraq dərnəyin sədri vəzifəsində çalışıb. Bu dövrdə idman mediasının institusionallaşması, jurnalistlərin hüquqlarının müdafiəsi və gənc idman müxbirlərinin yetişdirilməsi istiqamətində əhəmiyyətli təşəbbüslərə imza atıb.
Onun idman yayımçılığı sahəsindəki fəaliyyəti yalnız xəbər və proqramlarla məhdudlaşmayıb. Prodüseri olduğu “Cəza Sahəsi” sənədli filmində Kipr türk idmanının uzun illər üzləşdiyi beynəlxalq idman embarqoları və bunun gənc idmançılara təsiri geniş şəkildə işıqlandırılıb. Sənədli film idmanın birləşdirici gücünü ön plana çıxarmaqla yanaşı, Kipr türk gənclərinin beynəlxalq arenada qarşılaşdığı çətinlikləri də geniş auditoriyaya çatdırıb.












