Aİ İsrailə qarşı mümkün sanksiyaları müzakirəyə ÇIXARDI

media-hightechnic-468x90

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə Fələstin ərazilərində insan haqlarının pozulması səbəbilə İsrailə qarşı mümkün sanksiyaları müzakirə etmək üçün toplaşıblar.

Yenicag.az xəbər verir ki, bu müzakirələr Aİ-nin, Hollanda hökumətinin təşəbbüsü ilə 20 mayda İsrail ilə Ortaklıq Sazişini “insan haqlarına və beynəlxalq hüquqa uyğunluq” prinsipi əsasında nəzərdən keçirməyə başlamasından sonra aktuallaşıb.

Aİ Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas 23 iyunda verdiyi bəyanatda bildirib ki, aparılan araşdırma nəticəsində İsrailin sazişin ikinci maddəsini – insan haqlarına riayət etmə öhdəliyini pozduğu aydın şəkildə müəyyən olunub. Bu bəyanat bugünkü Aİ Xarici İşlər Nazirləri Şurasında əsas gündəm maddələrindən biri olub.

Sazişin tamamilə dayandırılması üçün yekdillik tələb olunduğundan, bu addımın atılması real görünmür. Lakin sazişdə ticarət, elm, texnologiya, mədəniyyət və siyasi dialoq kimi sahələri əhatə edən, yalnız səs çoxluğu ilə dondurula bilən müddəaların müvəqqəti dayandırılması ehtimal edilir.

İspaniya, İrlandiya və Sloveniya Ortaklıq Sazişinin dayandırılmasını dəstəkləyir. Almaniya, Avstriya, Çexiya və Macarıstan kimi ölkələr isə bu addıma qarşı çıxır.

Toplantıya sədrlik edən Kaya Kallas toplantı öncəsi verdiyi açıqlamada Qəzzadakı vəziyyəti “fəlakət” adlandıraraq bildirib:

“Əgər Qəzzadakı vəziyyət real şəkildə yaxşılaşmırsa, demək ki, biz yetərincə iş görməmişik”.

Kallas İsrailin Aİ ilə apardığı dialoq nəticəsində Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün bəzi addımlar atmağa razı olduğunu xatırladıb. O, sərhəd keçidlərinin açılması, elektrik xətlərinin bərpası, su təchizatı və yardım daşıyan yük maşınlarının bölgəyə daxil olması kimi addımların atıldığını vurğulasa da, sahədə “gerçək irəliləyişin” hələ müşahidə olunmadığını bildirib.

Aİ-nin İsrailə qarşı sanksiya variantlarını üzv dövlətlərə təqdim etdiyini bildirən Kallas, müzakirələrin hansı istiqamətdə gedəcəyinin qeyri-müəyyən olduğunu deyib:

“Əsas məqsədimiz sahədəki insanların vəziyyətinin yaxşılaşdırılmasıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600