Akif Nəsirli: “Dünya bazarındakı logistik xərclər daxili qiymət dinamikasına təsir edir”
Son dövrlər əsas ərzaq məhsullarında müşahidə olunan qiymət artımı istehlakçıların narahatlığını artırıb. Xüsusilə ət, süd və şəkər kimi gündəlik tələbat mallarının bahalaşması bazarda yeni tendensiyaların formalaşdığını göstərir.
Mövzu barədə Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əsas ərzaq məhsullarında qiymət artımı adətən bir neçə amilin birləşməsi nəticəsində yaranır.
Ekspertin sözlərinə görə, bahalaşmanın başlıca səbəblərindən biri istehsal xərclərinin yüksəlməsidir:
“Yem, yanacaq, elektrik enerjisi və logistika xərcləri bahalaşdıqda, heyvandarlıq və kənd təsərrüfatı məhsullarının maya dəyəri artır. Bu artım isə birbaşa satış qiymətlərinə təsir göstərir”.
İqtisadçı qeyd edib ki, mövsümi dəyişikliklər də qiymətlərə ciddi təsir göstərən faktorlar sırasındadır:
“İlin müəyyən dövrlərində yem bazasının zəifləməsi, otlaq şəraitinin pisləşməsi və ya əlverişsiz hava şəraiti səbəbindən süd və ət istehsalı azalır. Bu da bazarda təklifin qısamüddətli qıtlığına gətirib çıxarır”.
Akif Nəsirli vurğulayıb ki, şəkər kimi məhsullarda qiymətlər daha çox xammal istehsalı və qlobal bazarlardakı dalğalanmalardan asılıdır. Ekspert əlavə edib ki, mövcud bahalaşma əsasən iki amilin təklifin azalması və xərclərin artmasının birgə təsiri ilə izah olunur. Lakin son illərdə logistika xərclərinin yüksəlməsi daha həlledici rol oynayır.
Ekspertin fikrincə, yaxın dövrdə qiymətlərin enməsi yalnız müəyyən şərtlər daxilində mümkündür:
“Əgər yem və enerji xərcləri azalarsa, hava şəraiti yaxşılaşarsa və bazarda təklif artarsa, qiymətlərdə sabitləşmə və ya cüzi enmə ola bilər. Amma qısa müddətdə ciddi ucuzlaşma gözləmək real deyil. Çünki ərzaq bazarı ləng tənzimlənən və xərclərə qarşı həddindən artıq həssas olan bir sahədir”.
Samir Məcidov













