“Keçirilən bu aksiya bütün millətin iradəsinin ifadəsidir və xalq tərəfindən birmənalı dəstəklənir”.
Bu fikirləri Azərbaycan ictimaiyyəti nümayəndələrinin Şuşa-Xankəndi yolunda təşkil etdikləri fasiləsiz etiraz aksiyasının gedişini və mümkün nəticələrini dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin fikrincə, aksiyada irəli sürülən haqlı tələblər yerinə yetiriləcəyi təqdirdə vəziyyət sabitləşəcək:
“Sosial şəbəkələrdə və müxtəlif şərhlərdə bizim ictimai fəalların Şuşa-Xankəndi yolunda təşkil etdikləri və ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətlərə, təbii sərvətlərimizin talan edilməsinə qarşı keçirdikləri aksiyanın 1988-ci il Meydan Hərəkatı ilə müqayisə olunduğunu görürük.
Bəli, o zaman da hərəkat Topxana meşəsinin qırılmasına etiraz olaraq başlamışdı və təşkil olunan fasiləsiz mitinqlər nəticədə milli-azadlıq hərəkatına çevrildi. Bu baxımdan təbii ki, aparılan bu müqayisə və paralel yerinə düşür.
Keçirilən bu aksiya bütün millətin iradəsinin ifadəsidir və xalq tərəfindən birmənalı dəstəklənir. Əgər onlar həmin yoldan separatçılara silah gətirmək, terrorçuları həmin ərazilərə ötürmək və başqa çirkin məqsədlər üçün istifadə edirlərsə, Ermənistanla sərhəddə gömrük-keçid məntəqələri qurmaq haqqımız var. Başqa yolu yoxdur.
Aksiyada konkret tələblər irəli sürülüb. O tələblərdən biri bizim mütəxəssislərin ərazidə monitorinq aparmalarına və gerçək durumun nədən ibarət olduğunu müəyyənləşdirmələrinə şərait yaradılmalıdır. Eyni zamanda Rusiya sülhməramlılarının qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Bu haqlı tələblər yerinə yetiriləcəyi təqdirdə vəziyyət də sabitləşər”.
A.Zeynalov
www.yenicag.az