Alıcısı az, qiyməti BAHA: Ətin bahalaşması nə vaxta qədər DAVAM EDƏCƏK?
“Əgər yem və yanacaq qiymətləri yenə artsa, ətin qiymətində bahalaşma davam edə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O, son bir neçə gündə ətin yenidən bahalaşmasını bir neçə səbəblə əlaqələndirib:
“Son günlər ətin bahalaşmasının əsas səbəbləri yem qiymətlərinin artması, heyvandarlıq xərclərinin yüksəlməsi, yanacaq və daşınma xərclərinin bahalaşmasıdır. Bundan başqa, bəzi dövrlərdə bazarda heyvan sayı azalır, tələb isə yüksək qalır. Bu da qiymətlərin artmasına təsir edir. İdxal olunan yem və digər məhsullar dollar məzənnəsindən asılı olduğu üçün xarici bazardakı dəyişikliklər də qiymətlərə təsir göstərir.
Eyni zamanda Qurban bayramının yaxınlaşması da qiymətlərə ciddi təsir edən səbəblərdən biridir. Bayram ərəfəsində qurbanlıq heyvanlara tələbat artır deyə bəzi fermerlər və satıcılar heyvanları indi bazara az çıxarırlar ki, bayram günlərində daha yüksək qiymətə sata bilsinlər. Təklif azalanda isə bazarda ətin qiyməti yüksəlir. Xüsusilə xırdabuynuzlu heyvanlarda bu təsir daha çox hiss olunur. Bayrama yaxın günlərdə qiymətlərin bir qədər də artması mümkündür, bayramdan sonra isə tələbat azaldığı üçün müəyyən sabitləşmə ola bilər”.
İqtisadçı Qurban bayramından sonra ətin ucuzlaşmasının bir halda mümkün olacağını vurğulayıb:
“Bayramdan sonra qiymətlərin tam ciddi şəkildə enməsi ehtimalı zəif görünür. Amma yay aylarında otlaq mövsümü başlayanda, ətə tələbat azalanda və bazarda təklif artanda müəyyən qədər sabitləşmə və ya cüzi ucuzlaşma ola bilər. Əgər yem və yanacaq qiymətləri yenə artsa, ətin qiymətində bahalaşma davam edə bilər”.
Cəvahir













