Ceyms Veb teleskopu Kainatın yarandığı ilk vaxtlarda mövcud olduqları fərz olunan qara ulduzlara bənzər obyektlər aşkar edib.
Yenicag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Tədqiq olunan 3 nöqtəvi obyektin (JADES-GS-z13-0, JADES-GS-z12-0 və JADES-GS-z10-0) ilk olaraq ən uzaq qalaktikalar olduğu düşünülürdü. Lakin alimlər belə nəticəyə gəliblər ki, uzaqda yerləşdikləri üçün nöqtəvi görünən obyektlərin fotometrik xüsusiyyətləri onların superqara ulduzların modelləşdirilmiş sintetik spektrləri ilə izah oluna bilər.
Daha konkret nəticələr əldə etmək üçün qara ulduzlar nəzəriyyəsini təkmilləşdirməli və tapılan obyektləri daha ətraflı öyrənmək lazımdır.
Qeyd edək ki, qara ulduz anlayışı ilk dəfə 2007-ci ildə təklif olunub. Nəzəriyyəyə əsasən, ilk ulduzlar yaranana kimi mövcud olan və optik oblastda müşahidə olunmayan bu obyektlər çox böyük (diametri 10 a.v-dən çox) və İlkin Kainata nisbətən soyuq (~10 000 K) olub. Güman edilir ki, onların nüvəsi olmadığından nüvə sintezi reaksiyaları əvəzinə, ulduzun bütün həcmi boyu tünd maddə hissəciklərinin annihilyasiyası hesabına ayrılan enerji belə ulduzların istilik və hidrostatik tarazlıqda olmasına imkan verirdi.
www.yenicag.az