Yer kürəsinin hər iki qütbündə okean buzlarının sahəsi fevral ayının sonu üçün müşahidə tarixində ən aşağı həddə çatıb. Avropa İttifaqının Kopernik İqlim Mərkəzi (C3S) bildirib ki, ötən qış planetdə orta temperatur ötənilki göstəricidən cəmi 0,05°C aşağı olub.
Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“İstiləşmənin nəticələrindən biri dəniz buzlarının əriməsidir. Onların ümumi sahəsi tarixi minimuma enib”, – C3S-in direktor müavini Samanta Berdcess bildirib.
Arktika və Antarktidada buzun əriməsi havanın istiləşməsi nəticəsində okeanın qızmasını sürətləndirir. Bu da öz növbəsində buzların əriməsini daha da tezləşdirir və bu mənfi dövrü qırmaq çətindir. Alimlər bildirirlər ki, 1990-cı ildən bəri Arktika buzlarının əriməsinin və qlobal miqyasda buzlaqların sahəsinin azalmasının əsas səbəbi insan fəaliyyəti olub.
Son illərdə Arktika planetin digər hissələri ilə müqayisədə dörd dəfə daha sürətlə qızır. Alimlər xəbərdarlıq edirlər ki, nəticədə orada bir gün demək olar ki, heç bir buz qalmayacaq. Bu, emissiyaların azaldılması ilə bağlı istənilən senariyə baxmayaraq, 2050-ci ildən əvvəl ən azı bir dəfə baş verəcək.
Alimlər proqnozlarının təsdiqi olaraq bildiriblər ki, Şimal qütbündə buzların sahəsi fevral ayı üçün minimum həddə düşüb və orta göstəricidən 8% aşağı olub. Son üç ayda Arktika bu cür mənfi rekordları təkrarlayır.
Antarktikada vəziyyət daha da pisləşib. Fevral ayında buz örtüyünün sahəsi orta göstəricidən 26% az olub.
Alimlər qeyd edirlər ki, buzların əriməsi və okeanın isinməsi planetdə su və hava dövranını pozur.
Qlobal istiləşmə artıq yüz ildən çoxdur davam edir və onun başlanğıcı kütləvi sənayeləşmə və urbanizasiya ilə üst-üstə düşür. Şərti olaraq, iqlim dəyişikliklərinin başlanğıc tarixi kimi 1850-ci il götürülə bilər.
2024-cü il iyulun 22-si tarixdə ən isti gün olub. İqlim dəyişikliklərini 1940-cı ildən izləyən Copernicus Xidməti məlumatına görə, həmin gün yer səthində orta qlobal temperatur +17,15°C-ə çatıb./qaynarinfo
www.yenicag.az