“Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?” – Doğum günün mübarək, VAQİF SƏMƏDOĞLU
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Kimdən soruşsan fikirləşmədən biləcək bu misraların müəllifi kimdir. Çünki elə şairlər var, hər misrasından boylanır. Şeirlə bərabər onun müəllifini də görürsən. İlk misrasını eşidəndə bilirsən, bu şeir kimə məxsusdur. Vaqif Səmədoğlu da belə ruhu misralarına hopan böyük şairlərdəndir. Acsan, doymursan o misralara, eşitdikcə eşitmək, arınmaq, təmizlənmək, ruhunu sevindirmək istəyirsən. Ruhunu kirlənməyə, zövqünü paslanmağa qoymur o misralar. Bu qədər yükün ağırlığında çökəndə belə o misralara tutunub, bu dünyadan bir anlıq da olsa, qopa bilərsən. Ruhunun səsini eşidib, ona hay verə bilərsən, ülviləşərsən.
Onun şeirləri ilə hamının qorxub hürkdüyü ölümü belə sevə bilərsən. Çünki ölümü o qədər dərin, o qədər gözəl anladır, vəsf edir ki şeirlərində. İllər öncə çalışdığım “525-ci qəzet”də məşhurlarla bağlı bir layihəm var idi: “Ölümün işığında”. Vaqif Səmədoğlu ilə müsahibəni Yazıçılar Birliyinin önündə ayaqüstü almışdım. Yadımdadır ki, harasa tələsirdi, ölüm haqqında verdiyim ilk sual xoşuna gəlmişdi, eşidən kimi ayaq saxladı və sona qədər suallarımı cavablandırdı. Ayaqüstü müsahibə idi, amma saatlarla oturub söhbətləşdiyim məşhurlarla etdiyim müsahibələrim onunla etdiyim söhbət qədər təsirli deyildi. Ondan, bir də İsa Muğannadan aldığım müsahibə… Köhnə diktofonla almışdım o müsahibələri. Amma indi yeni model diktofonlar da var, telefonlar da, lakin danışdırmağa adam yoxdur. Xoşbəxtəm ki, o müsahibələr onların kitablarında da yer alıb.
Vaqif Səmədoğlu oxunduqca oxunan, arzulandıqca arzulanan şairdir.
Əvvəldən-axıra kimi oxunmaq arzusu ilə yazırdı şeirlərini. Bir şeirində də bu arzunuzu belə ifadə etmişdi:
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm…
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq…
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
Arzularınız çindir şair. Yaddaşımızda və ruhumuzda elə arzuladığınız kimi necə var, elə də qalmısınız. Əzbər qalan şeir kimi hər zaman dirisiniz, yaşayırsınız. Bizə isə söyləmək qalır: Doğum günün mübarək, Vaqif Səmədoğlu, yaxşı ki, varımızsınız!
Cəvahir