Almaniya Ərəbistana silah satışını dayandırdı
Bu ölkədə nəşr olunan “Bild” qəzeti Milli Təhlükəsizlik Şurasının qərarından yazdı
Yenicag.az müsavat-a istinadən bildirir ki, Almaniya Səudiyyə Ərəbistanına silah satışını “regionda qeyri-stabilliyin yaranması səbəbindən” dayandırıb. Bu barədə Almaniyanın “Bild” qəzeti xəbər yayıb.
Səudiyyə Ərəbistanının sifarişlərinin yerinə yetirilməyəcəyi barədə qarşı tərəfə açıq şəkildə mesaj verilib. Ancaq alman qəzeti bildirir ki, bu barədə hələ ki, rəsmi açıqlama verilməyib.
Qəzetin iddiasına görə, bu qərar çərşənbə günü Almaniyanın Milli Təhlükəsizlik Şurasında verilib. Həmin Şuraya Almaniya kansleri Anqela Merkel, vitse-kansler Siqmar Qabriel və 7 nazir daxildir.
Agentlik xatırladır ki, Səudiyyə Ərəbistanı İslamın ən sərt və son dərəcə mühafizəkar qanadını təmsil edir. Bu ölkə Yaxın Şərqdə açar dövlət sayılır.
Şənbə günü başsağlığı vermək üçün Riyada axışan Qərb liderlərinin sıxlığı bu ölkənin çəkisindən xəbər verir. Onların sırasında Britaniyanın baş naziri və Fransanın prezidenti də vardı.
Almaniya isə mərasimdə sabiq prezident Kristian Vulfla təmsil olunub.
Agentlik yazır ki, Almaniya üçün Səudiyyə Ərəbistanı silah idxalçısı kimi xüsusi önəm daşıyır. 2013-cü ildə Almaniya Riyada 400 milyon dollarlıq silah satıb.
Ancaq bir qayda olaraq, insan hüquqları ilə məşğul olan təşkilatlar Səudiyyə Ərəbistanını dini azlıqlara və qadınlara qarşı qəddarlıqda ittiham edirlər.
“Bild” qəzetinın yazdığına görə, Almaniya əhalisinin 78 faizi hesab edir ki, Berlin Riyada silah satışını dayandırmalıdır. Almanların 60 faizi isə Səudiyyə ilə bütün ticarət əlaqələrinin kəsilməsinə tərəfdardır.
Almanlar Səudiyyə Ərəbistanında insan hüquqlarının kobud şəkildə pozulmasına etiraz olaraq, belə düşünürlər.