Milli Məclisin deputatı: Azərbaycanın müstəqil xarici siyasəti və “orta güc” statusu beynəlxalq aləmdə qəbul edilir
“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın gücünü, strateji baxışını və gələcək inkişaf yolunu dünyaya təqdim edən mühüm siyasi manifestdir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı bildirib.
Partiya sədri IV Şuşa Qlobal Media Forumunun Azərbaycan üçün əhəmiyyəti, forumda ölkə liderimizin çıxışının geniş təhlilini təqdim edib:
“Möhtərəm cənab Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı möhtəşəm nailiyyətlərin, formalaşdırdığı yeni geosiyasi reallıqların və gələcəyə hesablanmış dövlət strategiyasının dolğun ifadəsidir.
Dövlət başçımızın müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin suallarına verdiyi əhatəli, açıq və prinsipial cavablar bir daha göstərdi ki, Azərbaycan dünyada baş verən prosesləri düzgün qiymətləndirən, milli maraqlarını qətiyyətlə müdafiə edən, regional və beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən qüdrətli dövlətdir.
Dörd il ərzində 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirən Şuşa Qlobal Media Forumu ənənəvi tədbir olmaqla yanaşı, nüfuzlu beynəlxalq dialoq platformasına çevrilib. Forumda bu il 53 ölkədən 160 qonağın, 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun, 10 beynəlxalq təşkilat və təsisatın təmsil olunması Şuşanın qlobal informasiya və fikir mübadiləsi məkanında qazandığı yüksək mövqenin göstəricisidir.
Bir vaxtlar düşmən işğalı altında dağıdılan Şuşanın bu gün dünyanın aparıcı media nümayəndələrini qəbul etməsi tarixi ədalətin təntənəsidir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həqiqətlərin səsləndirildiyi, mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu, xalqlar və media qurumları arasında qarşılıqlı etimadın formalaşdığı qlobal platformadır.
Forum iştirakçıları Qarabağın dirçəlişini, yeni şəhərləri, müasir yaşayış məntəqələrini, doğma torpaqlarına qayıdan sakinlərin həyatını görürlər. Bu mənzərə Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin, genişmiqyaslı quruculuq işlərinin və Azərbaycan dövlətinin sarsılmaz iradəsinin ifadəsidir. Qarabağın və Şərqi Zəngəzurun kökünə, əzəli sahiblərinə qayıtması hər gün daha aydın görünən reallıqdır.”
Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı çıxışından bir neçə məqama diqqət çəkib:
“Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın nəqliyyat və logistika imkanlarına verdiyi qiymət ölkəmizin regional və qlobal əhəmiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçımız vurğuladı ki, qonşularla sağlam münasibətlər və qarşılıqlı fəaliyyət olmadan tranzit ölkəyə çevrilmək mümkün deyil. Azərbaycan uzun illər ərzində coğrafi mövqeyini müasir infrastruktur, qarşılıqlı etimad və çoxtərəfli əməkdaşlıq imkanları ilə birləşdirərək Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilib.
Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən Azərbaycan bu üstünlüyü məqsədyönlü siyasət nəticəsində real iqtisadi və geosiyasi gücə çevirib. Ölkəmizin təşəbbüsü və əsas maliyyə iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri çoxsaylı dövlətlərin iqtisadi təhlükəsizliyinə, enerji təminatına və qarşılıqlı əlaqələrinin genişlənməsinə xidmət edir.
Orta Şərqdə və digər regionlarda yaranan mürəkkəb vəziyyət Azərbaycanın təqdim etdiyi etibarlı, təhlükəsiz və dayanıqlı dəhlizlərin əhəmiyyətini daha da artırır. Mövcud beynəlxalq şəraitdə həm hava, həm dəniz, həm də quru nəqliyyatı baxımından Azərbaycanın yerləşdiyi coğrafi məkan xüsusi strateji əhəmiyyət daşıyır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırkı 15 milyon tonluq ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması, yeni gəmilərin inşası, dəmir yollarının və avtomobil magistrallarının genişləndirilməsi ölkəmizin artan yük axınlarını qəbul etməyə hazır olduğunu göstərir. Sözügedən siyasət ölkəmizi Avrasiyanın ticarət, enerji, logistika və rəqəmsal əlaqələrini birləşdirən strateji mərkəzə çevirir.
Cənab Prezidentin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər iki qardaş dövlət arasında mövcud olan müstəsna birliyin mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İki qüdrətli dövlət Şuşa Bəyannaməsi ilə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltmişdir.”
G. Ağamalı qeyd edib ki, Türkiyə və Azərbaycan bölünməz bir bütündür və bu qardaşlıq ən qədim tariximizə qədər uzanır:
“Bu birlik ortaq tarixə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz siyasi iradəyə əsaslanır. ‘Bir millət, iki dövlət’ fəlsəfəsi regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın ən mühüm təminatlarındandır. Türkiyə və Azərbaycanın siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə göstərdiyi həmrəylik qardaşlıq nümunəsidir.
Möhtərəm cənab Prezidentin Avropa təsisatları ilə münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycanın bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq siyasətini aydın ifadə etdi. Avropa Komissiyasının əvvəlki rəhbərliyi dövründə, xüsusilə əvvəlki Avropa diplomatiyası rəhbərinin qərəzli yanaşması nəticəsində münasibətlərə ciddi zərər vurulmuşdu. Anti-Azərbaycan mövqeyinin arxasında dayanan maraqların və əlaqələrin üzə çıxması ölkəmizə qarşı aparılmış kampaniyaların konkret maraqlara bağlı olduğunu göstərdi.
Yeni Avropa Komissiyası ilə münasibətlərdə müşahidə edilən müsbət dinamika Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin qısa müddət ərzində Azərbaycana səfərləri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir.
Azərbaycan-Avropa münasibətləri enerji, nəqliyyat, rəqəmsal transformasiya, ticarət, təhlükəsizlik və digər istiqamətlərdə qarşılıqlı, faydalı əməkdaşlıq nümunəsidir. Bu münasibətlər bərabərlik, qarşılıqlı hörmət və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə söykənir.
AŞPA-nın Azərbaycana münasibətdə tutduğu qərəzli mövqe Avropa Şurasının özünün elan etdiyi hüquq və ədalət prinsipləri ilə ziddiyyət təşkil edir. Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə durğunluq nümayiş etdirən bu qurumun, ölkəmiz öz suverenliyini tam bərpa etdikdən sonra nümayəndə heyətimizin etimadnaməsini təsdiqləməməsi qərəzin və ikili standartların təzahürüdür.
Azərbaycan nümayəndə heyətinin AŞPA-nın iclaslarında iştirakını dayandırması ləyaqətli və prinsipial qərar idi.
Azərbaycan münasibətləri pozmayıb. Ədalətsiz və əsassız qərarı qəbul edən məhz AŞPA-dır. Buna görə də yaranmış vəziyyətdən çıxış yolunu tapmaq və nümayəndə heyətimizin hüquqlarını qeyd-şərtsiz bərpa etmək həmin qurumun öhdəliyidir.
Beş il ərzində Azərbaycan əleyhinə qəbul edilmiş 13 qətnamənin ölkəmizdə heç bir prosesə təsir etməməsi göstərir ki, qərəzli sənədlər Azərbaycanın iradəsini dəyişdirmək gücündə deyil. Azərbaycan öz siyasətini xalqının iradəsi və milli maraqları əsasında müəyyənləşdirir.”
Keçmiş Azərbaycandan bu günümüzə qədər keçdiyimiz keşməkeşli yollara nəzər salan deputat keçmişlə bugünü müqayisə edərək sözünə davam edib:
“Dövlət başçımız cənab İlham Əliyevin 907-ci düzəlişlə bağlı fikirləri tarixi ədalətsizliyin mahiyyətini bütün aydınlığı ilə ortaya qoydu. 1992-ci ildə ermənipərəst dairələrin təsiri ilə qəbul edilmiş bu düzəliş Azərbaycanın Ermənistanı blokadaya alması barədə saxta iddiaya əsaslanırdı. Halbuki işğala məruz qalan tərəf Azərbaycan idi.
Azərbaycan keçmiş sovet respublikaları arasında ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qalan yeganə dövlət olmuşdur. Bu gün mövcud reallıqlar həmin düzəlişin hüquqi və siyasi baxımdan tamamilə köhnəldiyini göstərir. Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırıb, bu ölkəyə müxtəlif yüklərin və neft məhsullarının daşınmasına şərait yaradıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması da 907-ci düzəlişin ləğvini zəruri edən mühüm amillərdəndir.
Günümüzdə Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkə arasında yeni tarixi mərhələnin başlanğıcıdır. Ölkə rəhbərimiz cənab İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlər, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması, ABŞ vitse-prezidentinin Bakıya səfəri və Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.
Ticarət və investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, rəqəmsal transformasiya, süni intellekt, müdafiə və hərbi-texniki əməkdaşlıq istiqamətlərində yaradılmış işçi qruplar bu tərəfdaşlığın praktik nəticələrə əsaslandığını sübut edir. ABŞ-ın Azərbaycana silah satışı ilə bağlı məhdudiyyətləri aradan qaldırması və digər Qərb dövlətlərinin də oxşar addımlar atması ölkəmizə qarşı münasibətin müsbət mənada dəyişdiyini nümayiş etdirir.
Azərbaycan və Ermənistan arasında sülh prosesində ABŞ Prezidenti Trampın və onun komandasının fəaliyyəti mühüm rol oynayıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat xəttinin açılması regionun iqtisadi və geosiyasi mənzərəsini dəyişəcək. TRIPP layihəsinin reallaşması Cənubi Qafqazda bağlantıları, qarşılıqlı etimadı və təhlükəsizliyi gücləndirəcək.
Azərbaycanın ‘orta güc’ kimi qiymətləndirilməsi heç də təsadüfi deyil. Orta güc anlayışı milli maraqlarını sərbəst müdafiə edə bilmək, xarici təzyiqlərə müqavimət göstərmək, döyüş meydanında müdafiə qabiliyyətini nümayiş etdirmək, regiondakı proseslərə təsir göstərmək, praqmatik siyasət yürütmək və müxtəlif tərəflər arasında etimad yaratmaqdır.
Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa edib, təzyiqlər qarşısında geri çəkilməyib, eyni vaxtda siyasi və diplomatik mübarizə aparıb, regional sabitliyin qorunmasına töhfə verib.
Möhtərəm cənab Prezidentin İordaniya, Özbəkistan, Qazaxıstan, Çin, Yaponiya və digər dövlətlərlə münasibətlər barədə fikirləri Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasətini nümayiş etdirdi. İordaniya ilə qardaşlıq əlaqələri, regional təhlükəsizlik məsələləri üzrə qarşılıqlı məsləhətləşmələr və İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində birgə fəaliyyət mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi etməsi ölkəmizə gösterilən növbəti böyük etimaddır. Azərbaycan daim İslam dünyasında birliyi, qarşılıqlı anlaşmanı, sülhü və əməkdaşlığı təşviq edir.
Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz və Azərbaycanın sədrliyinin bütün 120 üzv dövlətin yekdil qərarı ilə uzadılması ölkəmizə olan etibarın göstəricisidir. COP29 çərçivəsində ziddiyyətli mövqelərə malik dövlətlər arasında razılaşmaların əldə edilməsi Azərbaycanın nəticəyönümlü, konstruktiv və məsuliyyətli diplomatiyasının uğurudur. COP29-un irsi gələcək iqlim konfransları və qlobal yaşıl gündəliyin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın enerji siyasəti bu gün Avropanın və daha geniş regionun enerji təhlükəsizliyində həlledici rol oynayır. Almaniya və Avstriyaya qaz ixracının başlanması ölkəmizin Avropa enerji bazarındakı mövqeyini daha da gücləndirib. Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edir və qaz ixracının coğrafi əhatəsinə görə dünyada ön sıralardadır.
2022-ci ildən sonra Avropanın Azərbaycan qazına tələbatının kəskin artması ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Avropa İttifaqına qaz tədarükünün 65 faiz artırılması dövlətimizin məsuliyyətinin göstəricisidir.
Azərbaycan eyni zamanda enerji bazarlarını şaxələndirir. Suriyaya qaz ixracının başlanması və qonşu bazarlara çıxış perspektivləri ölkəmizin enerji siyasətinin çevikliyini göstərir.
Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın gələcəyə hesablanmış strateji baxışının mühüm tərkib hissəsidir.”
Sonda Qarabağın dirçəlişindən danışan G. Ağamalı sözlərini bu fikirlərlə tamamlayıb:
“2032-ci ilə qədər 8 giqavat bərpaolunan enerji gücünün yaradılması, Qarabağda istifadəyə verilmiş su elektrik stansiyaları, Günəş və külək enerjisi layihələri ölkəmizin yaşıl enerji mərkəzinə çevrilməsinə xidmət edir.
Qarabağda ümumi gücü 340 meqavat olan su elektrik stansiyalarının istifadəyə verilməsi, yeni Günəş elektrik stansiyalarının tikilməsi və Xəzər dənizinin dibi ilə Avropaya yaşıl enerji kabelinin çəkilməsi Azərbaycanın enerji ixracatçısı kimi imkanlarını daha da genişləndirəcək.
Rəqəmsal transformasiya və süni intellektin inkişafı da dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu sahədə vahid koordinasiya mexanizminin yaradılması, rəqəmsal idarəetmənin genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və rəqəmsal infrastruktura investisiyaların artırılması Azərbaycanın yeni texnoloji mərhələyə keçidini sürətləndirəcək.
Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi nəqliyyat, enerji, sənaye, rəqəmsallaşma və müdafiə sahələrində yeni imkanlar açır. Çin şirkətlərinin Azərbaycanda Günəş enerjisi, elektrik nəqliyyatı, sənaye və infrastruktur layihələrində fəal iştirakı nəticələr verməkdədir. BYD elektrik avtobuslarının birgə istehsalı və Günəş panelləri zavodunun yaradılması yaşıl iqtisadiyyatın inkişafına mühüm töhfədir.
Azərbaycanla Çin arasında hərbi-texniki əməkdaşlığın genişlənməsi münasibətlərin yeni istiqamətidir. Orta Dəhliz üzrə yükdaşımaların artması Çin-Mərkəzi Asiya-Azərbaycan-Avropa xəttinin qlobal ticarətdə artan rolunu təsdiqləyir.
Özbəkistan-Azərbaycan münasibətlərinin təməlində səmimi qardaşlıq və dostluq dayanır. Özbəkistanın Qarabağın bərpasına ilk dəstək verən qardaş dövlət olması xalqımız tərəfindən yüksək qiymətləndirilir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Xankəndidə Özbəkistan sərmayəsi ilə tikiş fabrikinin yaradılması sözügedən qardaşlığın nümunələridir.
Birgə investisiya fondunun yaradılması, SOCAR-ın Özbəkistandakı layihələrdə iştirakı və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması münasibətlərin strateji xarakterini gücləndirir. Azərbaycanla Mərkəzi Asiyanın vahid iqtisadi, nəqliyyat və siyasi məkanda yaxınlaşması böyük geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir.
Qazaxıstanla əməkdaşlıq Xəzər regionunda nəqliyyat, enerji və rəqəmsal bağlantıların əsas dayaqlarındandır. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır. Xəzərin dibi ilə enerji və fiber-optik kabellərin çəkilməsi iki ölkəni və daha geniş coğrafiyanı enerji və rəqəmsal məlumat mübadiləsi baxımından birləşdirəcək.
Yaponiya ilə enerji, texnologiya, ekologiya və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan etibarlı tərəfdaş kimi müxtəlif güc mərkəzləri ilə milli maraqlara əsaslanan, bərabərhüquqlu əlaqələr qurur.
Cənab Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı səsləndirdiyi təkliflər beynəlxalq sistemdə daha ədalətli təmsilçiliyin təmin olunmasına xidmət edir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına rotasiya prinsipi əsasında veto hüququna malik daimi yerlərin verilməsi qlobal idarəetmədə mövcud ədalətsizliyi aradan qaldıra bilər.
Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına da xüsusi önəm verir. COVID-19 pandemiyası dövründə ölkəmizin 80 dövlətə humanitar yardım göstərməsi və həmin ölkələrin əksəriyyətinin Afrika qitəsində yerləşməsi Azərbaycan dövlətinin humanist siyasətinin göstəricisidir.
Müstəmləkəçiliklə mübarizə məsələsində Azərbaycanın mövqeyi prinsipial və beynəlxalq hüquqa əsaslanır. Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniya, Polineziya, Martinika, Korsika və digər ərazilərdə yaşayan xalqların hüquqlarını müdafiə etməsi ümumbəşəri ədalət məsələsidir.
Möhtərəm cənab Prezident İlham Əliyevin Ukrayna ilə bağlı mövqeyi Azərbaycanın beynəlxalq hüquqa sədaqətini təsdiqlədi. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını daim dəstəkləyib. Heç bir dövlətin sərhədləri zorla dəyişdirilə bilməz.
Azərbaycan işğalın ağır nəticələrini yaşadığı üçün ərazi bütövlüyü məsələsində ardıcıl və qəti mövqeyə malikdir. İşğalla barışmamaq, milli iradəni qorumaq və suverenlik uğrunda mübarizədən geri çəkilməmək dövlətimizin tarixi təcrübəsidir.
ATƏT-in keçmiş Minsk qrupu ədalətli və tərəfsiz vasitəçilik missiyasını yerinə yetirə bilmədi. Onun fəaliyyəti münaqişənin həllinə deyil, işğalın dondurulmasına və Azərbaycanın natamam həll variantına məcbur edilməsinə yönəlmişdi. Cənab Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan xalqının iradəsi bu planları iflasa uğratdı.
Azərbaycan tarixi ədaləti təmin etdi, ölkəmiz sülhü seçdi. Bu, siyasi müdrikliyin nümunəsidir.
Dövlət başçımızın Yaxın Şərqdə və Azərbaycanın sərhədləri yaxınlığında baş verən münaqişələrlə bağlı səsləndirdiyi çağırışlar məhz bu təcrübəyə əsaslanır. Silahlı qarşıdurmaların genişlənməsi heç bir xalqa rifah və təhlükəsizlik gətirmir. Müharibədən sonrakı dövrün yaratdığı sosial, siyasi və psixoloji fəsadlar bəzən döyüşlərin özündən də ağır olur.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın davam etdirilməsi regional sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Nəqliyyat, ticarət, humanitar və digər sahələrdə münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verir.
Möhtərəm cənab Prezidentin informasiya mübarizəsində fədakarlıq göstərmiş media nümayəndələri, o cümlədən Mixail Qusman haqqında söylədiyi fikirlər həqiqətin dünya ictimaiyyətinə çatdırılmasının nə qədər mühüm olduğunu göstərdi. Azərbaycanın haqq səsini beynəlxalq auditoriyaya çatdıran insanların təzyiqə və ayrı-seçkiliyə məruz qalması azad söz və media prinsiplərinə ziddir.
Azərbaycanın daxili sabitliyi möhkəmdir. Dövlətlə xalq arasındakı birlik, Konstitusiyaya və milli dövlətçilik prinsiplərinə sədaqət istənilən təxribatın qarşısında güclü sipərdir.
Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı mesaj çıxışın ən mühüm və mənəvi baxımdan təsirli hissələrindən biridir.
Azərbaycan xalqı işğalı, dağıntını, müharibəni, Zəfəri, dirçəlişi yaşadı. Xalqımız sübut etdi ki, ən ağır sınaqlar qarşısında belə sınmır, əyilmir və milli ləyaqətindən geri çəkilmir.
Cənab Prezident İlham Əliyevin müraciətlərinin dəyişməz ana xətti ondan ibarətdir ki, Azərbaycan yalnız öz gücünə, xalq-dövlət birliyinə, milli iradəsinə və müstəqil siyasətinə arxalanır.
Azərbaycanın ən böyük gücü onun xalqı, qüdrətli dövləti, milli birliyi və qalib Ordusudur. Bu birlik heç zaman sarsılmayacaqdır.
Ölkə rəhbərimiz cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın müasir tarixinin, dövlətçilik fəlsəfəsinin və gələcək inkişaf strategiyasının ifadəsidir.
Dövlət rəhbərimizin çıxışı bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan güclü, müstəqil, qalib, etibarlı və məsuliyyətli dövlətdir. Ölkəmiz öz milli maraqlarını qətiyyətlə qoruyur, sülhə və əməkdaşlığa töhfə verir, beynəlxalq hüququ müdafiə edir, tarixi ədalətsizliklər qarşısında susmur və gələcəyini öz iradəsi ilə qurur.
Möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və Azərbaycan xalqının dövlət başçısına olan sarsılmaz inamı ölkəmizi yeni-yeni zirvələrə aparmaqdadır.
Azərbaycan xalqı öz Liderinin ətrafında dəmir yumruq kimi birləşərək müstəqilliyini, suverenliyini, milli kimliyini və tarixi Zəfərini əbədi qoruyacaq!
Azərbaycan güclüdür, qalibdir və gələcəyinə inamla addımlayır!”
Nurlan Cəfəri













