“Amnistiya aktı dövlətin vətəndaşına tanıdığı ikinci şansdır” – Tənzilə Rüstəmxanlı
Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi diqqətləri amnistiya aktı tarixinə yönəltdi. Amnistiya institutunun özü Azərbaycan hüquq və dövlətçilik ənənəsində həm hüquqi, həm də siyasi-mənəvi mexanizm kimi formalaşıb. Müstəqillikdən sonra müxtəlif illərdə imzalanan amnistiya aktları, xüsusilə də mühüm tarixi dönəmlərlə – müharibə, suverenlik, ərazi bütövlüyünün bərpası kimi mərhələlərlə əlaqələndirilib. Bu aktların fəlsəfəsi yalnız cəzaçəkmə yerlərinin yüngülləşdirilməsi deyil, eyni zamanda cəmiyyət daxilində müəyyən sosial ədalət hissinin bərpa olunması, dövlətin gücü ilə yanaşı, mərhəmət və humanizminin də nümayiş etdirilməsidir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırda Milli Məclisdə müzakirə olunan son amnistiya layihəsi də məhz bu xəttin davamı kimi qiymətləndirilə bilər. Layihədən görünür ki, burada həm dövlət qarşısında xüsusi xidmətləri olanlar – Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı iştirakçıları, şəhid ailələri, əlillər, həm də deportasiya, soyqırımı, siyasi repressiya və digər tarixi ədalətsizliklərin qurbanları xüsusi olaraq nəzərə alınıb. Paralel şəkildə, böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan və ya az ağır cinayətlərə görə məhkum olunan, qadınlar, yetkinlik yaşına çatmamış şəxslər, yaşlılar, əlillər, azyaşlı və ya əlil övladı olan məhkumlara da geniş şamil olunması bu amnistiyanın sırf cəza-siyasəti addımı yox, sosial-humanist qərar kimi düşünülməsindən xəbər verir.
Millət vəkili Tənzilə Rüstəmxanlı Yenicag.az-a verdiyi açıqlamada qeyd edib ki, prezidentin bu günə qədər imzaladığı amnistiya aktları bütövlükdə dövlətin humanist simasını ortaya qoyan addımlar olub və yeni layihə həmin siyasətin məntiqi davamıdır. O bildirir ki, xüsusilə müharibə iştirakçıları, şəhid ailələri, soyqırımı və deportasiya qurbanlarının yaxınları kimi qrupların amnistiyada ayrıca çəkilməsi həm hüquqi, həm də mənəvi borcun yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Bu yanaşma, Tənzilə Rüstəmxanlının fikrincə, dövlətin öz vətəndaşına münasibətdə “yalnız tələb edən və cəzalandıran” deyil, həm də “bağışlayan, ikinci şans verən, sosial ədaləti bərpa etməyə çalışan” tərəfini göstərir.

Tənzilə Rüstəmxanlı qeyd edib ki, əvvəlki amnistiya qərarlarında olduğu kimi, hazırkı layihədə də bir neçə mühüm humanist element özünü göstərir: birincisi, cəzanın məqsədinin təkcə məhbusu cəzalandırmaq yox, onu cəmiyyətə yenidən adaptasiya etmək olduğu ideyası qorunur; ikincisi, sosial baxımdan daha zəif, daha həssas kateqoriyalara – qadınlara, azyaşlı vaxtı cinayət törədənlərə, əlilliyi olanlara, yaşlılara, ailə başçısı olanlara üstünlük verilməsi humanist sosial siyasətin tərkib hissəsidir; üçüncüsü, ehtiyatsızlıqdan və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə münasibətdə sərtliyin deyil, yenidənqurma və düzəlmə imkanının önə çəkilməsi dövlətin cəza siyasətinə balanslı yanaşmasının göstəricisidir.
Onun fikrincə, belə amnistiya aktları həm də cəzaçəkmə müəssisələrindəki mühitə, oradakı insanların psixologiyasına ciddi təsir göstərir: insanlar görür ki, dövlət onları birdəfəlik silmir, müəyyən şərtlər daxilində onlara yenidən cəmiyyətə qayıtmaq imkanı tanıyır. Bu isə həm ailələrin, həm də bütövlükdə toplumun psixoloji iqliminə müsbət təsir edir.
Millət vəkili vurğulayıb ki, Prezidentin indiyə qədər imzaladığı amnistiya və əfv qərarlarının məğzi də elə budur – ədalət prinsipini qorumaqla yanaşı, mərhəmət və humanizm prinsiplərini də praktik siyasətə çevirmək. Yeni amnistiya təşəbbüsü də məhz bu baxımdan pozitiv, cəmiyyəti yumşaldan, gərginlikləri azaldan, sosial bağları bərpa edən bir addım kimi dəyərləndirilə bilər.
Camal Cavanşir












