Elnarə Akimova: “Aqrar siyasətdəki yeni mərhələ Prezidentin strateji yol xəritəsinin təntənəsidir”
Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrasına start verilib. Yeni strategiya ölkənin aqrar sektorunda keyfiyyət və innovasiya mərhələsinə keçidi hədəfləyir.
Milli Məclisin deputatı Elnarə Akimova Yenicag.az-a açıqlamasında bildirib ki, regionlarda icrasına başlanılan bu görüşlər Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı müəyyənləşdirdiyi strateji yol xəritəsinin yerlərdə reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Deputatın sözlərinə görə, ölkə artıq kənd təsərrüfatında kəmiyyət artımını geridə qoyaraq, rəqabətqabiliyyətlilik və innovasiya mərhələsinə qədəm qoyur:
“Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, əsas məsələ yalnız istehsalı artırmaq deyil, daha az resursla daha yüksək məhsuldarlıq və gəlir əldə etməkdir. Ötən 20 il ərzində yaradılan infrastruktur bazası – yol, enerji və su təminatı – bu gün aqrar sahənin daha sürətli inkişafı üçün möhkəm təməldir”.
Elnarə Akimova buğda üzrə özünütəminat səviyyəsinin artırılmasının strateji məqsəd olduğunu qeyd edib:
“Qlobal bazarlarda müşahidə olunan qeyri-sabitlik, müharibələr və logistik problemlər fonunda ərzaq təhlükəsizliyi dövlətin prioritetidir. 2026–2030-cu illəri əhatə edən yeni proqram məhz bu riskləri minimallaşdırmağa və daxili istehsal imkanlarını maksimuma çatdırmağa hesablanıb”.
Yeni strategiyanın əsas özəlliklərindən birinin innovativ texnologiyaların tətbiqi olduğunu bildirən deputat, elektron xəritələşdirmə və peyk monitorinqi sistemlərinin fermerlərin qərarvermə prosesini asanlaşdıracağını vurğulayıb.
Deputat urbanizasiya ilə bağlı Prezidentin yanaşmasının regionların sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib:
“Məqsəd kəndlərin iqtisadi və sosial baxımdan elə inkişaf etdirilməsidir ki, regionlar yaşayış üçün daha cazibədar olsun. Yeni proqram çərçivəsində nəzərdə tutulan investisiyalar, aqroparklar və emal müəssisələri məşğulluğun artırılmasına və regionların iqtisadi müstəqilliyinə birbaşa təsir göstərəcək”.
Elnarə Akimova sonda əlavə edib ki, bu proqramın uğuru dövlət qurumları ilə yanaşı, həm də fermerlərin, sahibkarların və elm adamlarının birgə fəaliyyətindən, torpağa sahiblik fəlsəfəsinin dəyişməsindən asılıdır.
Nurlan Cəfərli













