Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Amsterdamda “Azərbaycan diasporu və Azərbaycan mediası” mövzusunda panel keçirilib

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Amsterdamda keçirilən növbədənkənar qurultayında ilk dəfə olaraq media-diaspora debatı təşkil olunub.

Yenicag.az xəbər verir ki, qurultay çərçivəsində baş tutan “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” adlı paneldə çıxış edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu media və diaspora görüşünün bu şəkildə təşkilini zəruri və təqdirə layiq addım hesab olunub.

O qeyd edib ki, o da daxil olmaqla bir sıra aparıcı KİV diasporla həmişə birlikdə çalışmağa hazırdır və daim onlardan təkliflər gözləyir. Media rəhbəri həmçinin diasporun son fəaliyyətində yenilikləri də təqdir edib və bunun daha da geniş olmasının vacibliyindən danışıb. R. Arifoğlu istər rəhbərlik etdiyi medianın, istərsə də digər media qurumlarının eyni zamanda sosial şəbəkələrdəki çox oxuculu fəaliyyətini xatırladaraq diasporu bundan yararlanmağa dəvət edib.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı isə dövlətin mediadan gözləntisinin dəfələrlə Prezidentin köməkçisi Əli Həsənov tərəfindən səsləndirildiyini xatırladaraq rəhbərlik etdiyi media holdinq barədə məlumat verib: “Bizim holdinqdə apa.az və APA TV-dən başqa Lent.az, rusdilli Vesti.az portalları da fəaliyyət göstərir. Bizim diaspor təşkilatlarımız əsasən Vesti.az portalı ilə əməkdaşlıq edirlər ki, bu da normaldır. Eyni zamanda APA İnformasiya Agentliyi ilə əməkdaşlıq edirlər. Çünki agentlik özü 6 dildə – Azərbaycan, rus, ingilis, fransız, ərəb və erməni dilində fəaliyyət göstərir. Sosial şəbəkələrdə isə üst-üstə bir milyondan çox izləyicisi olan səhifələrimiz də var”. V. Mahirqızı bildirib ki, rəhbərlik etdiyi holdinq Diasporla İş üzrə Dövlət Komitəsi ilə ən sıx işləyən media qurumlardan biridir. Komitə, diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin son dövrlərdəki bütün fəaliyyətlərini yaxından işıqlandırır. Xüsusilə AAK prezidenti Sahil Qasımovun son dövrlərdəki fəaliyyəti və bizi də dəvət etməsinə görə təşəkkür edirik. Demək olar ki, dünyada olan diasporumuzun fəaliyyətini yaxndan izləyirik”.

V. Mahirqızı qeyd edib ki, milli məsələlərdə diasporun media ilə əməkdaşlığı olmalıdır.

APA Holdingin rəhbəri deyib ki, diaspor nümayəndələrinin olduqları ölkənin media qurumları ilə əlaqələr qurmağa çalışmalıdırlar: “Bundan başqa, xüsusilə sosial şəbəkələrdə aktiv olmaqda fayda var. Mən təkcə “Facebook” və “Tvitter”i deyil, eyni zamanda “Youtube”də kanallar yaradılmasını da nəzərdə tuturam”.

V. Mahirqızı deyib ki, 2 aprel hadisələri zamanı ermənilər həm də sosial mediada diversiya edirdilər: “Belə anlarda diaspor təşkilatları bizimlə birgə olmalıdırlar. Öz səhifələrində xarici dillərdə xəbərlərimizi haştaqlarla yayılmasında fəal olsunlar. Yaxşı olardı ki, bu məsələdə diaspordan könüllülər qrupu yaradılsın. Bizim informasiya işimizə çox yaxşı dəstək olardı. Ümumiyyətlə, diasporun işi yaşadıqları ölkədə hər kəsin fikrini tək-tək qazanmaqdır”.

V. Mahirqızı diaspor liderlərini Azərbaycan həqiqətlərinin yayılmasında daha fəal birgə işə dəvət edib.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Quliyeva isə bildirib ki, rəhbərlik etdiyi media qurum diasporla çox sıx əməkdaşlıq edir: “Xaricdə yaşayan soydaşlarımız, yerli mətbuatla, yerli siyasətçilərlə yaxından təmas qursalar bu daha çox faydalı olar. Sosial şəbəkələrdə Azərbaycanın ənənəvi günlərində yerli siyasətçiləri, tanınmış adamları birgə fəaliyyətə cəlb etsinlər. Bu məsələdə biz media olaraq nə lazımdırsa birgə əməkdaşlığa hazırıq. Rəhbərlik etdiyim media qurum nisbətən gənc olsa da, artıq Azərbaycan mətbuatında kifayət qədər oxucu qazanıb. Bu bütün sahələrə diqqət verməmizin məhsuludur. Eyni zamanda diasporla da birgə fəaliyyəti daha da inkişaf etdirməyə hazırıq”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə təmasını, xüsusən də Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirib: “Cənab Prezident İlham Əliyev də son dünya azərbaycanlılarının qurultayında xarici mətbuat nümayəndələri ilə daha yaxından işləməyi tövsiyə etdi. Biz çox yaxşı olardı ki, elə diasporun vasitəsi ilə olduqları ölkələrin jurnalistləri ilə ya Bakıda, ya öz ölkələrində görüşlər keçirək, birgə layihələr həyata keçirək. Bu ona gətirib çıxarar ki Azərbaycanla bağlı həqiqətlərin yayılmasında biz artıq yaxın həmkar kimi onların fəaliyyətindən daha asanlıqla yararlana bilərik”. M.Əliyev həmçinin xarici media orqanlarında azərbaycanlı jurnalistlərin fəaliyyət göstərməsinə nail olunmasının vacib olduğunu və bu sahədə diaspor təşkilatlarını fəallığa çağırdı.

“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə xarici mediada azərbaycanlıların əməkdaş kimi çalışmasının vacibliyindən danışıb: “Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini işıqlandırırıq. Amma bu Azərbaycan həqiqətlərinin yayılmasında kifayət etmir. Yaxşı olardı ki, xarici mətbuatda azərbaycanlıların yer alması, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderlərimiz, xaricdəki iş adamlarımız daha fəal ola bilərlər. Bəzən bəzi diaspor təşkilatlarımız bizim onların fəaliyyətinə yer verməməyimizdən şikayət edirlər. Amma biz həqiqi fəallığı olan bütün diaspor təşkilatlarımızı izləyirik”.

“İnterpress” saytının rəhbəri Toğrul Allahverdili də diasporla birgə fəaliyyətdən danışaraq təkliflərini səsləndirib.

“Haqqın.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev isə xaricdə yaşayan azərbaycanlıları daha çox yaşadıqları ölkələrin mədəniyyətlərinə assimilyasiya olmağa, eyni zamanda o ölkələrin media orqanlarına daha çox nüfuz etməyə çağırıb. O qeyd edib ki, diaspor nümayəndələrimiz qəlbində Azərbaycan sevgisini yaşatmaqla yanaşı yaşadıqları ölkələrin cəmiyyətinin bir parçası olmağa çalışmalıdır.

Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov isə bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq sosial media qəhrəmanları da peyda olub: “Heç bir praktik fəaliyyəti yox, ancaq sosial şəbəkədə hər gün nəsə yazıb diqqət çəkir, hətta şikayət də edir ki, biz ona diqqət göstərmirik. Ona görə mən mediamızdan xahiş edərdim diaspordan yazarkən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki fəaliyyətlərini işıqlandırdıqları diaspor adından danışan kimdir”. Komitə sədri eyni zamanda media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də dəyərləndirib və dəstəkləyib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyətinin son dərəcə mühüm olduğunu qeyd edib: “Diasporla iş üzrə Komitənin tədbirlərində Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən belə bir panelin təşkil olunması təqdirə layiqidir. Gələcəkdə də digər tədbirlərdə də media ilə bağlı oxşar panellərin təşkil olunması vacibdir. Vaxtı ilə Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə fəaliyyət göstərən, yeni müstəqilləşmiş medianın peşəkarlardan ibarət olmaması idi. İndi Azərbaycan mediası çoxlu peşəkar kollektivlərdən ibarədir. Bu günkü mediamız regionun və dünyanın öndə gedən media qurumları ilə yarışa bilir, Azərbaycanın milli dövlət maraqlarının qorunması və eyni zamanda informasiya bolluğunun təşkil olunmasında müstəsna xidmət göstərir”.

www.yenicag.az

858
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM