“Türkiyə yeganə NATO ölkəsidir ki, həm Rusiya ilə, həm də Ukrayna ilə münasibətləri normal səviyyədə saxlayıb”.
Bu fikirləri rəsmi Kiyev ilə Moskva arasında vasitəçilik etmək istəyən Türkiyənin fəaliyyəti və Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Ukrayna limanlarının minalardan təmizlənməsi haqqında əldə edilən razılaşmanı dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Türkiyə müharibənin dayanmasını istəyən yeganə NATO ölkəsidir:
“Türkiyə təcavüzə məruz qalmış ölkənin torpaq bütünlüyünü tanıyır və Rusiyanın işğalını pisləyir. Bununla yanaşı, Türkiyənin Rusiya ilə diplomatik əlaqələri yerindədir. Yaxınlarda Rusiyadan Türkiyəyə ixrac edilən qazın “Türk axını” ilə nəqli texniki səbəblərdən dayandırılmışdı. Hazırda texniki səbəblər aradan qaldırılıb və Türkiyəyə qaz nəqli bərpa edilib. Türkiyə digər NATO ölkələrindən fərqli olaraq Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmayıb. Lavrovun yaxınlarda Türkiyədə Çavuşoğlu ilə görüşü gözlənilir. Bu görüşdə Putinin Türkiyəyə səfər tarixinin müəyyənləşdirilməsi və Rusiya qoşunlarının Suriyadan çıxarılması müzakirə olunacaq. Razılaşmaya əsasən, rusların yerinə İran qoşunları yerləşdiriləcək. Düşünürəm ki, bu yöndə də razılaşma əldə olunacaq.
Əsas məsələ isə Türkiyə ilə Rusiya arasında Ukrayna limanlarının minalardan təmizlənməsi olacaq. Düşünürəm ki, Ukrayna limanlarından dünyaya ixrac olunan taxıl və digər qida məhsullarının daşınması üçün Qara dəniz hövzəsində olan minaların təmizlənməsi başlayacaq.
Türkiyənin baş verən hadisələrlə bağlı mövqeyi konkretdir. Türkiyə ilk gündən necə davranırdısa, o siyasəti hələ də davam etdirir”.
Səxavət Məmməd
www.yenicag.az