“Apple” üç milyardıncı “iPhone”u buraxdı
“Apple” rəsmi olaraq üç milyardıncı “iPhone”un göndərildiyini açıqlayıb.
Yenicag.az “Engadget”ə istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk 2025-ci ilin üçüncü rüb maliyyə nəticələrinin elanında bildirib.
İlk “iPhone” 2007-ci ildə satışa çıxarılıb, milyardıncı cihaz 2016-cı ildə, iki milyardıncı isə təxminən 2021-ci ildə satılıb. Şirkət dörd ildən az müddətdə yeni tarixi göstəriciyə çatıb. “iPhone” satışları iki rəqəmli faizlə artıb, rüblük gəlir isə 94 milyard dollar təşkil edib – bu, ötən illə müqayisədə 10% çoxdur.
Eyni zamanda, Tim Kuk qeyd edib ki, Çindən idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumları şirkətə rüb ərzində 800 milyon dollara başa gəlib, növbəti rübdə isə bu xərclər 1,1 milyard dollara çata bilər. Analitiklərin, o cümlədən “Bloomberg”dən Mark Qurmanın fikrincə, tələbin bir hissəsini məhz smartfonların gömrük rüsumlarına görə bahalaşacağından ehtiyat edən alıcılar formalaşdırıb.
Gözlənilir ki, artıq sentyabrda “Apple” “iPhone 17” xəttini, o cümlədən “Samsung Galaxy S25 Edge” ilə rəqabət aparacaq yeni supernazik “iPhone 17 Air” modelini təqdim edəcək. Analitiklərin proqnozlarına görə, “Apple” bütün yeni modellərin qiymətini artıracaq.
Tim Kuk hesabatda həmçinin bildirib ki, şirkət süni intellektə yatırımları ciddi şəkildə artırır və öz Al həllərinin inkişafını sürətləndirmək üçün mümkün satınalmaları nəzərdən keçirir. Daha əvvəl “Apple”in Perplexity AI startapını ala biləcəyi barədə məlumat yayılmışdı./qaynarinfo