Artur Rasizadənin istefa xəbərinə – Reaksiya

87400Sentyabrın 1-də baş nazir Artur Rəsizadənin istefaya getdiyi barədə xəbər sosial şəbəkələrdə və xəbər saytlarında əsas mövzulardan biri oldu. Yayılan xəbərlərə hər hansı dairələrdən rəsmi münasibət öyrənmək mümkün olmasa da, günün sonunda yalnız o məlum oldu ki, əslində A.Rəsizadənin başçılığı ilə Nazirlər Kabinetinin iclası keçirilib və dövlət büdcəsi müzakirə olunub.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli “Yeni Müsavat”a açıqlamasında deyib: “Həmin vaxt mən iclasda olmuşam və bütün bunlardan sonra xəbər tutdum. Həmin vaxt mənə mətbuatdan 256 zəng gəlmişdi. (gülür) Amma istefa söhbətini kim, niyə yaymışdı, mənə bəlli deyil. Sizə keçən dəfə də demişdim, belə xəbərləri yayarkən kiminsə müəyyən məqsədləri olur. Amma hər halda həmən adamlar sonradan, məsələnin onların yazdığı kimi olmadığını görəndə heç olmasa bir az utansınlar”.

Eyni gündə icra başçılarının yeni təyinatı ilə bağlı da xəbərlərin yayıldığını, hətta onlardan birinin baş nazir gətiriləcəyi haqda deyilənlərin əvəzində A.Əli bunları bildirdi: “Gördüyünüz kimi, yazıldığı kimi olmadı. Yaxşı bir rus məsəli var: ”Slışal zvon, no ne znayu qde on”. (“Səs eşidirəm, amma bilmirəm hardan gəlir”) Bunlar da (bu barədə xəbər yayanları nəzərdə tutur-E.P.) bəzi adlar eşidiblər, ancaq özləri üçün Ştirlis kimi özüləri üçün versiyalar hazırlayıblar, lakin bunlar yanlış versiya olub. Səs eşidiblər, lakin bilməyiblər həmin səs hardan gəlir”.

A.Əli əlavə etdi ki, baş nazirin adı ətrafında yaşanan “ajiotaj”dan əslində hökumətin hər hansı məlumatı olmayıb: “Həmin gün hökumət öz işindəydi və çox ciddi bir iclas keçirildi, 2016-cı ilin dövlət büdcəsi müzakirə olundu. Sonradan ”ajiotaj” olduğunu mənə gələn telefon zənglərindən, yazışmalardan, işçilərimə zəng edib məni soruşmalarından bilmişəm. Başqa bir ajiotaj olmayıb, hökumət öz ritmində öz işini davam etdirib. Bu ajiotaj sadəcə mətbuatda, sosial mediada ola bilər. Hökumət gündəlik işi ilə məşğul olub, ölkənin taleyi üçün çox əhəmiyyətli iclasını keçirib, çox ciddi müzakirələr olub. Yekunda da cənab prezidentə sənədlərin təqdim olunması üçün qərar qəbul edilib”.

Loading...