“Arzu edərdik ki, Astana sonuncu sammit olsun”
“Bütün sahələrdə, xüsusilə iqtisadi və sosial sahələrdə Xəzər dənizi Xəzəryanı ölkələrin həyatında mühüm rol oynayır. Hüquqi statusla bağlı məsələlər, qarşılıqlı əməkdaşlıq münasibətlərinin tənzimlənməsi prioritet təşkil edir”.
Yenicag.az azadinform-a istinadən bildirir ki, bunu Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclasından sonra keçirilən mətbuat konfransında çıxış edən XİN rəhbərinin müavini Xələf Xələfov deyib.
X.Xələfov qeyd edib ki, əldə edilmiş razılaşmalar Konvensiyada prinsipial müddəalar üzrə təsnif olunub və layihədə öz əksini tapıb.
O, həmçinin bildirib ki, sözügedən Konvensiya başa çatdıqdan sonra bu sahədə çoxlu sayda sammitlər olacaq: “Amma biz arzu edərdik ki, Astana sammiti Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasına dair sonuncu sammit olsun”.