Asif Əsgərov ABŞ-da  mühüm görüşlər keçirib

media-hightechnic-468x90

10815721_868675526505899_1170698391_nBakının Səbail və Nyu-Yorkun Bruklin Boro inzibati rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-nın Nyu-York şəhərində səfərdə olub. Səfərin məqsədi Nyu-York şəhəri Bruklin Boro inzibati rayonu ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması olub.

ABŞ-da səfərdə çərçivəsində Bakı şəhərinin Səbail rayonunun nümayəndə heyəti Nyu-York şəhəri Bruklin Boro inzibati rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb. Görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, Türkiyə Respublikasının Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi Mariyetta Rozental da iştirak ediblər.

Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından xəbərdar olduğunu vurğulayan Erik Adams, Nyu-Yorkun Bruklin Boro ilə Bakının Səbaıl rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmaslara təkan verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun yaddaşında çox zəngin təəssüratlarla qaldığını bildirib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqilliyimizin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu bildirib. O, ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini vurğulayıb və həmsöhbətini bu tədbirə dəvət edib.

Bununla yanaşı, tədbir iştirakçılarına Səbail rayonu və rayonda aparılan quruculuq işləri barədə məlumat verilib.

Ölkəmizin Vaşinqtondakı səfirliyinin müşaviri Məmməd Talıbov Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq barədə məlumat verib. Qeyd edib ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı – Nyu-York birbaşa uçuşları həm Azərbaycanın ümumi inkişafının, həm də ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir.

Məmməd Talıbov ölkəmizin zəngin demokratik dövlətçilik ənənələrinə malik olduğunu və Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb.

Ölkəmizin, zəngin tolerant ənənələrini vurğulayan diplomat, ABŞ-da olduğu kimi Azərbaycanda da çoxsaylı etnik qrup və dini icmaların əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.

Görüşdən sonra Nyu-Yorkun Bruklin Boro inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.

Daha sonra yerli Azərbaycan icmasının yaratdığı “My Way” mədəni inkişaf mərkəzinin yetirmələri milli rəqslərimizdən ibarət mədəni proqram nümayiş etdiriblər.

Mədəni hissənin sonunda çıxış edən Mariyetta Rozental Bruklin Boro inzibati rayonu Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və respublikamızın ABŞ-dakı səfirliyinə bu tədbirin təşkilinə görə xüsusi minnətdarlığını bildirib.

Həmin gün yerli Azərbaycan icması tərəfindən ölkəmizin nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafətdə Bruklin rayonu yerli hakimiyyəti rəhbəri Erik Adams iştirak edib.

 

974438_868675439839241_760105048_n 10805508_868675579839227_1939124859_n 10815721_868675526505899_1170698391_n 13614297663

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600