Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi
Aldığı xəsarətlərdən xəstəxanada ölən atasının döyülməsində təqsirləndirilən Emin Rəhimovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Yenicag.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Nanazovun sədrliyi ilə keçirililən iclasda məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra təqsirləndirilən şəxsin vəkili tərəfindən məhkəməyə vəsatətlər təqdim edilib.
Bununla yanaşı, təqsirləndirilən şəxs özü də məhkəməyə vəsatət təqdim edərək xəsarətlərdən xəstəxanada ölən atasının meyitinin ekshumasiya edilərək (meyitin qəbirdən çıxarılması – red.) yenidən ekspertiza keçirilməsini istəyib.
Məhkəmə isə öz növbəsində bu hərəkəti keçirmək üçün hər hansı bir əsasın olmamasına görə vəsatəti təmin etməyib.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonunun ərazisində baş verib.
Aprelin 14-də 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi açılaraq istintaq başladılıb.
İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimovun martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işinə əlavə edilən ekspertiza rəylərindən məlum olub ki, mərhumun bədəninin müxtəlif nahiyələrində qançır izləri müşahidə edilməklə döyülməyə xarakterik xəsarətlər müəyyən edilib. Onun ölümünə əsas səbəb isə kəllə-beyin travması olub.
Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.