Türkiyənin keçmiş Konstitusiya Məhkəməsi sədri Yekta Güngör Özden Atatürkün nəşinin Etnoqrafiya Muzeyindən “Anıtkabir”ə nəql edildiyi gün ilə bağlı xatirələrini bölüşüb.
Yenicag.az xəbər verir ki, nəşin nəqlinə şahidlik etmiş 10 nəfərdən yeganə həyatda olan Özden 10 noyabr 1953-cü ildə həyata keçirilən nəql əsnasında yaşadıqlarını, sənəd və fotoşəkilləri media ilə paylaşıb.
Ölümündən 15 il sonra Atatürkü görən Yekta Güngör Özden duyğularını belə dilə gətirib:
“Etnoqrafiya Muzeyində tabut açıldı və içindən polad tabut çıxarıldı. O sırada Atatürkün üzünü gördüm. Üzü heç dəyişməmiş, sağlığında olduğu kimi qalmışdı. Sonra tabut yenidən bağlandı”.
“Mən Türkiyə Milli Tələbə Federasiyası Yayım Qurumunun başçısı olduğum üçün Atatürkün nəşinin nəqli və dəfnində vəzifə aldım. O zaman Ankara Universiteti Hüquq Fakültəsində tələbə idim. Mənə verilən vəzifəyə əsasən, ilk olaraq Etnoqrafiya Muzeyində sayğı duruşunda yer alacaq 100 qız və 100 oğlanı müəyyənləşdirdim” – deyə Özden bildirib.
Yekta Güngör Atatürkə olan sevgidən bəhs edib: “Etnoqrafiya Muzeyindən öncə toplar, sonra biz irəliləyirdik. Elə bir sükut vardı ki, ayaq səsləri belə eşidilirdi. Yolda sayğı duruşunda minlərlə insan vardı, onların necə ağladığını görmək mümkün idi. Bunlar hamısı Atatürkə olan sevginin göstəricisi idi. Nəhayət dəfn yerinə çatdıq. Tabut Məbədin qarşısına qoyuldu. Bu vaxt Cəlal Bayar, “Səni sevmək milli ibadətdir” dedi”.
“Sonra tabut məzara qoyuldu. Türkiyənin dörd bir yanından və Kiprdən gətirilən torpaq nümunələri qəbrin ətrafına yerləşdirildi. Burada Prezident Cəlal Bayar, TBMM sədri Rafiq Koraltan, Baş nazir Adnan Menderes, Baş qərargah rəisi Nuri Yamut, Atatürkün bacısı Makbule Atadan və mən var idik” – deyə davam edib.
“Oradakı 10 nəfərdən ancaq mən sağ qalmışam. Dəfn zamanı Makbule xanım ağlayırdı. Mən onları kənarda izləyirdim. Dəfndən sonra geri döndüm və öz otağıma çəkilib mən də ağlamağa başladım…” deyə Yekta Güngör sözlərini tamamlayıb.
www.yenicag.az