Avropa dəyərlərinin İFLASI: Qafqaz uğrunda ölüm-dirim savaşı BAŞLAYIR?
“Qafqazı ayaqaltı etmək istəyən Rusiya yaranmış fürsəti dəyərləndirə bilər”.
Bu sözləri dünyada baş verən proseslər, eləcə də alovlanan münaqişə ocaqları fonunda Cənubi Qafqazı gözləyən təhdid və təhlükəni Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
O, bildirib ki, Azərbaycanın apardığı siyasət özünə təhlükəsizlik qarantiyası verir:
“Azərbaycan öz problemini həll edib, suverenliyini bərpa edib və burada Azərbaycanın öz gücü nümayiş olunub. Rəsmi Bakının müttəfiqləri ilə yeri də bəllidir və Azərbaycan yeni yol xəritəsinin üzərindədir. Azərbaycan artıq siyasi mərkəzə çevrilib. Həmçinin Azərbaycanı sionistlərlə iş birliyində ittiham edən İran prezidenti Bakıya gəlir və xoş mesajlar verir. İranın dili ilə desək, sionistlərin lideri Netanyahu gəlir. Onun ardınca isə Fələstin məsələsində düşmənçilik həddinə gəlmiş Türkiyə Prezidenti gəlir. Bu, çox maraqlı tendensiyadır. Bundan əlavə, Pakistan faktoru da var. Türkiyə-Azərbaycan-Pakistan ortaqlığı mövcuddur. Bundan əlavə Azərbaycanın Çinlə strateji müttəfiqliyi var”.
Z. Məmmədli vurğulayıb ki, bir zamanlar ümid etdiyimiz Avropa Azərbaycanın Qafqazda rolunu həzm edə bilmədi:
“Artıq “Avropa dəyərləri” dediyimiz dəyərlər iflasa uğradı. Orta Asiya dövlətlərinin düşdüyü vəziyyətindən istifadə edərək Avropa İttifaqı və Fransa Türkiyə və Azərbaycan birliyini sarsıtmaq istəyir. Azərbaycanın ən böyük qorxusu çağdaş siyasi dünyada dəyərlər sistemini ayaqlar altına atması oldu. Suverenlik məsələsi, millətlərin öz müqəddəratını təyin etmək məsələsi, insan hüquq və azadlıqları, demokratiya ilə bağlı Tramp daşı atdı. Bu dünyanı xaosa aparacaq yeni sistemdir. Əgər Rusiyaya qol-qanad verilsə, Qafqazı ayaqaltı etmək istəyən Rusiya bu fürsəti dəyərləndirə bilər. Tramp suverenlik məsələsini saymırsa, Rusiya da düşünə bilər ki, onsuzda buna fikir verən yoxdur və öz bildiyi kimi davranar. Bu qorxulu tendensiyadır, ancaq Azərbaycanın apardığı siyasət, qurduğu əlaqələr, ortaqlıqlar onun təhlükəsizliyini təmin edə biləcək”.
Səxavət Məmməd