Avropa hansı səbəbdən işıqsız qalıb? - Kiberhücum ehtimalı da var
İspaniyanın Daxili İşlər Nazirliyi Pireney yarımadasının böyük hissəsini əhatə edən genişmiqyaslı elektrik enerjisi kəsintisindən sonra bəzi bölgələrdə fövqəladə vəziyyətin tətbiq edildiyini elan edib.
Yenicag.az xəbər verir ki, “Reuters” agentliyinin nazirliyə istinadən verdiyi məlumata görə, bu rejim yalnız rəsmi olaraq yardım istəyən regionlarda tətbiq olunacaq.
Hazırda belə müraciətləri Madrid, Andalusiya və Ekstremadura rəhbərlikləri göndəriblər. Bu bölgələr ictimai asayişin təmin olunması və digər vacib proseslərin əlaqələndirilməsi işlərini mərkəzi hökumətin üzərinə götürməsini xahiş ediblər.
Elektrik təchizatındakı nasazlıqlar qonşu Portuqaliyaya da təsir edib. Ölkənin enerji şəbəkəsi operatoru Redes Energéticas Nacionais (REN) bildirib ki, problemlər “nadir atmosfer hadisəsi” nəticəsində baş verib. “Sky News” tərəfindən yayımlanan bəyanata görə, İspaniyada müşahidə olunan kəskin temperatur dəyişiklikləri yüksək gərginlikli elektrik xətlərində “anomaliya yaradan gərginlik dalğalanmaları”na səbəb olub. Bu da Avropanın qarşılıqlı bağlı enerji şəbəkəsində “ardıcıl nasazlıqlara” gətirib çıxarıb. REN-in qiymətləndirməsinə görə, yaranmış problemlərin mürəkkəbliyi səbəbilə enerji sistemlərinin tam sabitləşməsi bir həftə çəkə bilər.
İspaniya baş naziri Pedro Sançes də bildirib ki, genişmiqyaslı elektrik kəsintisi “şəbəkədə ciddi dalğalanmalar” nəticəsində baş verib, lakin konkret səbəb açıqlanmayıb. Ölkənin enerji şəbəkəsi operatoru “Red Eléctrica” da bu hadisənin “kəskin güc dəyişməsi” səbəbindən baş verdiyini təsdiqləyib. “El País” qəzetinin yaydığı məlumata görə, şirkət nümayəndəsi şəbəkədə “çox güclü enerji axını dəyişməsi” qeydə alındığını, lakin hadisənin detalları ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
28 aprel tarixində elektrik enerjisinin kəsilməsi təkcə İspaniya və Portuqaliyada deyil, həmçinin Fransa və Andorranın bəzi bölgələrində də müşahidə edilib. “The Sun” yazır ki, nəticədə Pireney yarımadasının — təxminən 50 milyon insanın yaşadığı ərazinin — bir çox şəhərləri işıqsız qalıb.
“Politico” nəşri mənbəyə istinadla qeyd edir ki, “bləkaut”un mümkün səbəblərindən biri kimi kiberhücum ehtimalı da araşdırılır. Portuqaliyanın Daxili İşlər Nazirliyi də bu versiyanın istisna olunmadığını təsdiqləyib. Lakin Avropa Şurasının sədri Antoniu Koşta daha sonra bildirib ki, hazırkı mərhələdə enerji sistemlərinə kiberhücum izlərinə dair heç bir sübut yoxdur.
“Financial Times” qeyd edir ki, bu hadisə Avropanın müasir tarixindəki ən böyük enerji pozuntularından biri sayılır. Qəzetin hesablamalarına görə, elektrik enerjisinin genişmiqyaslı kəsintisi nəticəsində İspaniya və Portuqaliyanın enerji sistemləri 10 giqavatdan çox güc itirib. “Reuters” xəbər verir ki, bu məsələ ilə bağlı İspaniya və Portuqaliya hökumətlərinin nümayəndələri şəxsən görüşərək vəziyyəti və cavab tədbirlərini müzakirə ediblər.
Hadisənin nəticələri ciddi olub: metro fəaliyyəti dayanıb, hava və dəmir yolu nəqliyyatı pozulub, svetoforlar və elektron bank sistemləri işləməyib. İnternetə və mobil əlaqəyə çıxışda fasilələr yaşanıb. Elektrik kəsintisi xüsusilə Avropanın əsas nəqliyyat mərkəzlərindən biri olan Madriddəki Baraxas hava limanını da əhatə edib. Xəstəxanalar ehtiyat enerji mənbələrinə keçməli olub, çox sayda insan isə liftdə qalaraq kömək gözləyib.
28 aprel axşamı “Red Eléctrica”nın məlumatına əsasən, İspaniyada elektrik enerjisinin 20%-dən çoxu bərpa olunub. Operator X sosial şəbəkəsində bildirib ki, elektrik tədarükü tədricən bütün bölgələrə qaytarılır. AS qəzeti də bəzi bölgələrdə — o cümlədən Kataloniya, Aragon, Basklar ölkəsi, Qalisiya və Valensiyada işığın bərpa edildiyini dəqiqləşdirib./qaynarinfo