“Avropa İttifaqının fəaliyyəti, eləcə də ABŞ və Qərb ölkələrinin Qafqazdakı siyasəti ilə bağlı bəzi məqamlara diqqət edilməlidir. Hazırda Ermənistanın indiki siyasi hakimiyyəti Qərbyönümlü siyasət yürüdür. Paşinyanın Soros Fondundan dəstək alaraq hakimiyyətə gəldiyi bəllidir və Rusiyanın onu devirmək cəhdləri indiyə qədər nəticəsiz qalıb. Bu amil, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının mandatını daha iki il uzatma ehtimalını qəbul edə biləcəyini göstərir. Bununla yanaşı, Rusiya da Ermənistanda öz təsirini saxlamağa və fəaliyyətini davam etdirməyə çalışır. Bu vəziyyət Paşinyan hakimiyyətinin nə qədər dayanıqlı olacağından asılıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
Siyasi təhlilçi Avropa İttifaqının Ermənistandakı mülki missiyasının müddətinin daha 2 il uzadılması ilə bağlı qurum tərəfindən rəsmi İrəvana göndərilən təklifləri şərh edib.
M. Zülfüqarlıya görə, Azərbaycanın bu məsələdəki reaksiyasına gəldikdə, ölkəmiz işğaldan azad edilmiş torpaqların bərpası və dövlətin gücləndirilməsi istiqamətində fəal siyasət yürüdür:
“Tarixə nəzər salsaq, müstəqilliyin bərpa olunduğu ilk illərdə oxşar vəziyyətin şahidi olmuşuq. Məsələn, 1992-ci ildə Azərbaycan yay hərbi kampaniyasında böyük uğurlar qazandı və Ağdərə istiqamətində torpaqlarını işğaldan azad etməyə başladı. Lakin bu prosesə ATƏT müdaxilə etdi, danışıqlar başlandı və bununla yanaşı, təxribatlar da artdı. Daha sonra ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi tətbiq edərək, Azərbaycana yardımları dayandırdı. Beləliklə, Qərb ölkələrinin siyasəti ədalətdən çox, öz maraqlarına əsaslanır”.
Analitikin fikrincə, hazırda Qərbin Ermənistandakı maraqları Rusiyanı tamamilə uzaqlaşdırmaq və oradakı hərbi bazalarını çıxarmaqla bağlıdır:
“Bu isə Azərbaycanın fəaliyyətinə təsir edir. Biz haqq yolunda irəliləməli, Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa və diplomatik səviyyədə haqlı mövqeyimizi nümayiş etdirməyə davam etməliyik. Azərbaycanın məqsədi başqa ölkələrin daxili işlərinə qarışmadan öz dövlətçiliyini gücləndirmək, beynəlxalq səviyyədə tanınmış sərhədlərini möhkəmləndirməkdir. Zəngəzur dəhlizi isə bütün regionun, o cümlədən Ermənistanın maraqlarına xidmət edən strateji layihədir və bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməliyik”.
Rafi Müslümov
www.yenicag.az