Avropanın diplomatik DEMARŞI: “Necə demək olar ki, İstanbul Tehrandan daha təhlükəli şəhərdir?” – REAKSİYA

“Fransanın da, İsveçrənin də Türkiyəyə münasibətlərini nəzərə aldıqda, onların bu addımına təəccüblənmək doğru olmazdı”.

Bu fikirləri Fransa və İsveçrənin eyni gündə İstanbuldakı Baş konsulluqlarının fəaliyyətini dayandırmasının mümkün səbəblərinə toxunan Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, adları çəkilən ölkələrin bu addımı seçkilər ərəfəsində olan Türkiyəyə təzyiq xarakteri daşıyır:

“Bu ölkələrin İstanbuldakı Baş konsulluqlarını bağlamalarının tək bir səbəbi seçkilərə az müddət qalmış Türkiyəyə qarşı qarayaxma kampaniyasını genişləndirməkdir.

Baxın, İstanbulda hər gün terror aktı törədilir, yoxsa göydən bomba yağır? Şəhərdə tam sabitlikdir və həyat normal məcrada davam edir. Nə baş verib ki, bu ölkələr “təhlükəsizlik” bəhanəsi ilə konsulluqlarını bağlayırlar?

Digər tərəfdən, Fransanın da, İsveçrənin də Türkiyəyə münasibətlərini nəzərə aldıqda, onların bu addımına təəccüblənmək doğru olmazdı. Bu ölkələr hər fürsətdə Türkiyəyə qarşı addımlar atmağa cəhd göstərirlər.

Bu ölkələr üçün təhlükəsizlik faktoru önəmlidirsə, Tehrandakı səfirliklərini niyə bağlamırlar? Azərbaycan səfirliyinə hücum onlar üçün belə əsas yaratmırmı? Nə deyəsən? Necə demək olar ki, İstanbul Tehrandan daha təhlükəli şəhərdir? İranı “yarı demokratik”, Türkiyəni isə “avtoritar” adlandıran bir zehniyyətin davranışı bundan artıq olmaz”.

A.Zeynalov