Avstraliya İsrailli siyasətçiyə ölkəyə giriş qadağası qoydu
Avstraliya hökuməti İsrailin radikal sağçı siyasətçisi Simxa Rotmanın vizasını ləğv edib.
Yenicag.az “ABC News”a istinadla xəbər verir ki, Rotman Sidney şəhərində “Avstraliya Yəhudi Assosiasiyası”nın təşkil etdiyi tədbirdə iştirak etmək niyyətində olub.
Avstraliyanın Daxili İşlər naziri Toni Berk açıqlamasında siyasətçinin vizasının ləğv olunduğunu təsdiqləyərək, onun ölkəyə səfərinin 3 il müddətinə qadağan edildiyini bildirib.
Nazirin sözlərinə görə, “ayrılıq yaradan şəxslərin” Avstraliyaya girişinə icazə verilməyəcək:
“Bizim hökumət ölkəmizə gəlib nifrət və parçalanma mesajları yaymaq istəyənlərə qarşı sərt mövqe tutur. Avstraliyada belə insanları istəmirik”.
Xatırladaq ki, Rotman daha əvvəl fələstinlilərin Qəzzadan çıxarılmasını dəstəkləyib və bölgədə aclıq faktlarını inkar edib. O, hazırda Dini Sionizm Partiyasının üzvü, həmçinin İsrail parlamentində (Knesset) Konstitusiya, Hüquq və Ədalət Komitəsinin sədri vəzifəsini icra edir.