Konqoda Ebola ilə mübarizə aparan tibb işçiləri etiraz aksiyaları keçirdilər
Konqo Demokratik Respublikasının şimal-şərqində Ebola virusu epidemiyası ilə mübarizədə iştirak edən işçilər əməkhaqlarının ödənilməməsinə görə etiraz aksiyalarına çıxıblar.
Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, etiraz aksiyaları üç tibb mərkəzinin qarşısında keçirilib.
Epidemiya ilə mübarizəyə cəlb olunmuş onlarla işçi virusun yayılmasından ən çox zərər çəkən İturi əyalətinin inzibati mərkəzi olan Bunia şəhərindəki tibb müəssisələrinin qarşısına toplaşıblar. Aksiya iştirakçıları əməkhaqlarını tam həcmdə almadıqlarını bildiriblər.
Polis tibb mərkəzlərindən birinin qarşısında keçirilən etiraz aksiyalarından birini dağıdıb.
Etirazların müəssisələrin işinə təsir edib-etmədiyi hələlik məlum deyil.
Hökumətdən əldə olunmuş son məlumatlara görə, təxminən iki ay əvvəl epidemiya başlayandan bəri 1 759 nəfər virusa yoluxub, 600 ölüm halı təsdiqlənib.













