Avtomobil dirəyə çırpıldı
Balakən rayonunda baş verən yol qəzasında sürücü ağır xəsarət alıb.
Yol qəzası bu gün səhər saatlarında Balakən şəhəri “Qabaqçöl” vağzalı adlanan ərazidə qeydə alınıb. 1978-ci il təvəllüdlü, Balakən rayonunun Tülü kənd sakini Rüstəm Bayram oğlu İbadov idarə etdiyi “Ford” markalı xırda tutumlu yük maşını ilə Tülü kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı beton dirəyə vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Rüstəm İbadov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Balakən RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Rüstəm İbadova qarnının küt travması və daxili qanaxma diaqnozu qoyulub. Rüstəm İbadovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.