Ayazın “Kamaz”ı kimləri əzdi?: Bir uşağın sevincinə dözə bilməyənlərin hekayəsi
Prezidentin işğaldan azad olunmuş torpaqlara səfərləri artıq təkcə rəsmi dövlət tədbiri deyil, həm də simvolik bir qayıdışın, milli dirçəlişin canlı təzahürüdür.
Xocavənd rayonunun Xanoba kəndində yaşananlar isə bu böyük qayıdışın ən səmimi, ən insani mənzərələrindən biri oldu. Ömrünün böyük hissəsini qaçqınlıq taleyi ilə yaşamış bir ailənin balaca övladı Ayaz, Prezidentin avtomobilinə əyləşir və Mehriban xanımın ifadəsi ilə desək, babasından bir “Kamaz” istəyir.
Bəlkə də dövlət başçısı həmin gün mağazadan ən bahalı oyuncaq “Kamaz”ı alıb versəydi, bu da Ayaz üçün böyük xoşbəxtlik olardı. Lakin Prezident bununla kifayətlənmədi. O, bir uşağın arzusunu gerçəkləşdirərkən, həm də həmin ailənin sabahını sığortaladı. Ayaza oyuncaq deyil, real texnika hədiyyə olunması təkcə bir uşağı sevindirmək deyil, həmin ailəyə bir dolanışıq qapısı açmaq, onların doğma torpaqda möhkəmlənməsinə dəstək olmaq demək idi.
Bugünkü reallıqda, azad edilmiş kəndlərdə məskunlaşan ailələr üçün ən böyük təminat iş yeri və texnikadır. Prezidentin balaca Ayazın sözünü yerə salmaması, onun uşaq arzusunu ailənin gələcək təminatına çevirməsi dövlət rəhbərinin yüksək insani keyfiyyətlərinin göstəricisidir. Mehriban xanımın Ayazla səmimi dialoqu, onun sevincini bölüşməsi isə sadə vətəndaşa verilən mənəvi dəyərin bariz nümunəsidir.
Lakin görünən odur ki, bir uşağın bu məsum sevinci belə bəzilərinin rahatlığını pozur. Sosial mediada bu hadisə ətrafında aparılan kampaniya tənqid deyil. Bir uşağın xoşbəxtliyinə kor olmaq, Ayazı və onun ailəsini hədəf seçmək nə müxalifətçilikdir, nə də azad fikirlilik. Bu, açıq-aşkar mənəvi iflasdır. Bu, paxıllığın, həsədin və ən təhlükəlisi insanlıq hissinin itirilməsinin sübutudur.
Otuz il qaçqınlıq məşəqqəti çəkmiş bir ailənin övladı doğma torpağında bir hədiyyə alıb sevinirsə, buna şərik olmaq əvəzinə onu təhqir etmək hansı məntiqin məhsuludur? Ayazın atası illərlə çətinlik içində, vətən həsrəti ilə ömür sürüb. O zaman bu ailənin dərdi ilə maraqlanmayanlar, bu gün qəfil peyda olub onları hədəfə alırlar. Bu davranış nə vicdana, nə də milli dəyərlərimizə sığır.
Əgər Prezident o kəndə getməsəydi, o uşağın qapısını döyməsəydi, yenə eyni kütlə çıxıb deyəcəkdi ki, dövlət xalqdan uzaqdır, rəhbərlik vətəndaşla maraqlanmır. Bu gün isə tam əksinə Prezident xalqın içindədir, uşağın arzusunu yerinə yetirir, ailəyə dayaq durur, lakin onlar yenə narazıdırlar.
Bir uşağın sevincinə hücum etmək mənəviyyatın ən aşağı pilləsidir. Bu sevincə kölgə salmağa çalışmaq cəmiyyətin mənəvi sərhədlərini tapdalamaqdır.
Heç kim bütün dünyanı eyni anda xoşbəxt edə bilməz, bu yalnız Yaradana məxsusdur. Lakin bir dövlət başçısının bir ailəni sevindirməsi, bir uşağın yaddaşında silinməz iz qoyması böyük bir insani addımdır. Bu addımı söyüşlə, təhqirlə qarşılamaq nə siyasətdir, nə də mübarizə — bu, ən yumşaq ifadə ilə vicdansızlıqdır.
Qısacası, Ayazın “Kamaz”ı bəzilərini çox narahat etdi. Çünki o “Kamaz” dövlətin vətəndaşının yanında olmasının, uşaq sevincinin, bir ailənin ümidinin və bütöv bir xalqın dirçəlişinin simvoludur.
Bu həqiqəti heç bir söyüş, heç bir təhqir, heç bir qara kampaniya dəyişə bilməz.
Məhz buna görə də o kinli insanlar mənəvi cəhətdən “çatlayırlar”.
Çünki bir uşağın gülüşünə nifrət edənlər artıq uduzublar — onlar daxilən iflas ediblər.
Aqil Ələsgər













